Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan millisi Millətlər Liqasının I turunda Litvanın qonağı olacaq.
Komandalar buna qədər üç dəfə üz-üzə gəlib. Tərəflər hərəyə bir qələbə qazanıb, bir görüşdə heç-heçə başa çatıb. Azərbaycan ilə Litva arasında 2019-cu ildə Bakıda keçirilən yoldaşlıq qarşılaşmasında qolsuz “sülh” olub.
Litva son illərdə inkişafda olan millilərdəndir. Komandanın “transfermarkt”da dəyəri 21.13 milyon avrodur. Azərbaycanda isə bu rəqəm 16.38 milyondur.
Litva FIFA reytinqində 149, Azərbaycan 126-cı sıradadır.
Sözügedən komandaya Edqaras Yankauskas rəhbərlik edir. O, 2023-cü ilin fevralından yığmanın “sükanı arxasındadır”. Mütəxəssisin əsas üstünlük verdiyi taktiki sxem 3-4-2-1-dir. Litva onun başçılığı altında 35 oyunda 7 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 20 dəfə uduzub. Edqarasın xal ortalaması 0.83-dür.
Litvanın ən dəyərli oyunçusu Qvidas Gineytisdir. İtaliyanın “Torino” klubunda çıxış edən 22 yaşlı yarımmüdafiəçinin qiyməti 8 milyon avrodur. Bundan əlavə, Sloveniyanın “Çelye” klubunda forma geyinən Armandas Kuçs və Piyus Sirvus, “Kauno”da top qovan Mateyus Burba komandanın əsas silahlarındandır.
Litvalılar topu özündə saxlayan, daha çox cinahlardan hücumlar quran komandadır. Mərkəzdə Kuçsun rəqib cərimə meydançasındakı aktivliyi müdafiəçilər üçün çətinlik yaradır. Cinahlarda Eliqus Yankauskas və Yustas Lasiçkas driblinqliləri və sürətli reydləri ilə fərq yaratmağı bacarır.
Litva Millətlər Liqasında artıq bir oyun keçirib. Yankauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Lixtenşteynə 2:0 hesabıyla qalib gəlib. Qolları Laiçkas və Gineytis vurub.
Azərbaycan ilə Litva arasındakı matç sentyabrın 27-də Kaunoda keçiriləcək. Görüşə saat 17:00-da start veriləcək.
Şahin Cəfərov