Litvada doğulan azərbaycanlı: “…hər ikisi doğmadır”

29.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Millətlər Liqasına Litvada start verdik. Səfər matçından 1:1 hesablı heç-heçə əleyhimizə deyil, üç komandalı qrupda lider olmaq şansı əldə saxlanır.

Litva səfəri “FutbolPress” üçün də zəngin işgüzarlıqla keçdi. Ən maraqlı məqamlardan biri həmyerlimiz, həmkəndlim Rusiflə görüş oldu. Azərbaycan futbolunda olan, demək olar, bütün prosesləri yaxından izləyir. Millimizin Avropadakı oyunlarını qaçırmamağa çalışır.

Kaunasda olduğumuzu bilib diqqətini əsirgəmədi. Hər gün görüşdük, söhbətləşdik. Gördüm futbolumuz haqda ən xırda detalları belə izləyir, müsahiblik təklif etdim. Həmsöhbət maraqlı olanda, müsahibə də maraqlı alınır:

– ⁠Rusif, xoş gördük
– Xoş gördük, bizim ölkəyə xoş gəlmişsiniz.

– Bizim ölkə dedin, amma sən azərbaycanlısan. Azərbaycana bağlılığını bilmək istərdim.
– Valideynimin biri azərbaycanlıdır. Özüm burada doğulub, böyümüşəm. Dünyada iki evim var – Azərbaycan və Litva.

– Dünən söhbətimizdə demişdin ki, atan azərbaycanlıdır, anan isə litvalıdır?
– Bəli. Vaxtilə İslandiyadan buralara köçmüş, təsərrüfatla məşğul olan ailədən…

– Atan Azərbaycanın harasındandır?
– Lerikdən. Azərbaycana tez-tez gedirəm. İndi də əlaqəm var, ziyarət edirəm.

– Burada böyümüsən, oxumusan. Uşaqlar adətən, dili anasından öyrənir. Bəs sən dilimizi necə öyrənmisən?
– Uşaq vaxtı Lerikə, Vizəzəmin kəndinə gedirdim və orada talış dilini öyrənirdim. İndi qohumlarla da danışıram, tez-tez ünsiyyət qururam ki, unutmayım.

– Bəs azərbaycancanı?
– Uşaqlıqdan bilirdim. Yay tətillərim Azərbaycanda keçdiyi üçün dilimi təkmilləşdirdim.

– Azərbaycanda işləmisən?
– Gəmi mühəndisiyəm. BP şirkətindən təklif oldu, əməkdaşlıq etdim. Gəmi var idi, mexaniki hissələri Sinqapurda hazırlanırdı, digər hissələr Bakıda. Əvvəlcə Sinqapura getdik, sonra bizi Bakıya gətirdilər.

– Səhv etmirəmsə, uzun illər feysbukda dostluğumda varsan. İdmana marağını da bilirəm. Həm iş, həm aktiv həyatın var. Buna baxmayaraq, idmanla bağlı yenilikləri qaçırmırsan. Bəzi məlumatları bizdən daha çox bilirsən.
– Futbola böyük həvəsim var. Mənim üçün Litva qədər Azərbaycan futbolu da maraqlıdır. Litvada basketbol çox populyardır, amma Azərbaycanda belə deyil. Sizin futbola marağınız çoxdur, futbolu bilirsiniz. Sizin klublar, sizin deməyim, bizim klublar (Azərbaycan) oynayanda daim çalışıram ki, izləyim. Qaçırdığım matçlara da sonradan yutubda baxıram. Saytınızı sıx izləyirəm, məlumatları oradan alıram.

– Azərbaycan futbolu ilə nə vaxtdan maraqlanırsan?
– “Xəzər Lənkəran”a görə maraqlanmağa başlamışdım. Sonra marağım daha da artdı. Lənkərandakı oyunlara gedirdim. Avrokubok oyunlarının əksərinə getmişəm. 2012-ci ildə Estoniyanın “Nomme Kalyu” klubu ilə səfər oyununu canlı izləmişdim. Mərhələni keçdik, Polşanın “Lex” klubu ilə düşdük. Həmin oyun üçün də Poznana getmişdim. “Neftçi” ilə böyük oyunlar var idi, heç birini qaçırmırdım. Atamın da böyük marağı var idi, çalışırdıq heç bir oyunu buraxmayaq. Çvetkov, Kamran Ağayev kimi oyunçularla atamın münasibəti yaxşı idi.

– Litva basketbol yığmasını, yoxsa Azərbaycan milli komandasını çox izləyirsən? Hansına marağın daha böyükdür?
– Hər ikisini, onları ayıra bilmərəm.

– Təhsilini hansı sahə üzrə almısan?
– Psixologiya və mühəndislik üzrə oxumuşam. Həm Litvada, həm Danimarkada, həm də ABŞ-də oxumuşam.

– Nə üçün psixologiyanı deyil, mühəndisliyi seçdin?
– Burada kimi dindirsən, iki sahəsi var. Psixologiyanı da sevirəm. Bu təhsilim işlərimdə kömək olur. Layihə meneceri işləmişəm, insanlarla çalışmışam, onlarla hörmətlə davranmağı həmişə çox sevmişəm. Bunun qarşılığını da görmüşəm.

– Belə bir sual verim, inanıram ki, səmimi cavab verəcəksən. Özünü daha çox litvalı, yoxsa azərbaycanlı hiss edirsən?
– Hər ikisi. Heç bir fərq yoxdur. Azərbaycan Litva ilə bir qrupa düşəndə fikirləşdim ki, oyun Vilnüsdə olar. Orada böyük stadion tikilir, amma hələ hazır deyil. Oyunun Kaunasda olduğunu biləndə çox sevindim. Gördüm ki, Kaunasa gəlirsiniz və dərhal əlaqə saxladım. Azərbaycanda yaşasaydım, Litvadan bir tanışım gəlsəydi, mütləq görüşmək istərdim. Yəni mən bu iki ölkəni bir-birindən qəti ayıra bilmirəm.

– Neçə ildir, Kaunasda yaşayırsan?
– 2013-cü ildən buradayam.

– Burada həmvətənlərimiz çoxdur?
– Son illər işçi kimi gələnlər çoxdur. Çalışırıq ki, kömək edək. Ailələr var, burada yaşayır, onlarla da əlaqə saxlayırıq.

– Daha çətin sual verim, oyunda Litvaya azarkeşlik edəcəksən, yoxsa Azərbaycana?
– İndiki matçda Litvaya fanatlıq edəcəm, Bakıdakı oyunda Azərbaycana.

– Gözəl cavab, əsl siyasət…
– Məndən olsa, oyunun birinci taymında Litva, ikinci hissədə Azərbaycan forması geyinərdim. Yəni hər ikisi bu qədər doğmadır mənə. Hər iki komandanın heyətini, oyunçularını yaxşı bilirəm, hər detalı izləyirəm.

– Neçə övladınız var?
– İki oğlum var.

– Hansı futbolla məşğul olur?
– Böyük oğlum peşəkar akademiyadadır. Litva millisində olan oyunçuların çoxu bu akademiyadan çıxıb.

– Adı nədir?
– “Be1”. Bu akademiyada peşəkarlar çoxdur. Ümumiyyətlə, burada akademiyalar çoxdur, “Jalgiris”, “Hegelmann”, “Suduva”.. Amma ən yaxşısı “Be1”-dir. Həm də bu, Kaunasdadır və oğlum maraq göstərdi deyə, ora getdi.

– Oğlunuzun neçə yaşı var?
– 10.

– Potensialı var?
– Potensialı var. Qapıçıdır. Onlar üçün boy önəmlidir. 10 yaşı var, boyu 163 sm-dir. Məşqçisi ilə də danışıram, deyir ki, potensiallıdır. Hər şey özündən asılıdır.

– Barselona səfəriniz olub. Bu haqda danışardınız.
– “Barselona”dan bura gəlirlər, akademiyalara baxırlar. Oğlum seçildi, 10 yaşlılarla təcrübəyə getdi. İki ay onunla qaldım. Orada bəzi məqamları öyrəndik. Futbol tək meydanda oynamaqdan ibarət deyil, bəzi məsələləri də bilməlisən. Bəzən məndən də elə suallar soruşur ki, heç bilmirəm. Bir tanışım var, mənə Qvardiolanın kitabını verdi. Orada nə qədər zəngin məlumatların olduğunu gördüm. Burada uşaq həm akademiyaya gedir, həm məktəbə. Amma “Barselona”da hər şey akademiyaya daxildir.

– Səncə, milli seçim etmək vaxtı gələndə hansını seçəcək?
– Seçimini özü edəcək. Bu məsələyə qarışmayacağam.

– Ənənə var ki, xaricdə Azərbaycana qan bağlılığı olanları milliyə gətirirlər. İsrar etsələr, nə edəcəksiniz?
– İstəyərəm orada oynasın, amma qərarı yenə özü verəcək.

– Azərbaycan dilini bilirlər?
– Maraqları var, bəzi sözləri başa düşürlər. Çalışıram öyrədim.

– Təhsilləri Litva dilindədir?
– Bəli

– Ailəniz Azərbaycan mətbəxinə, yoxsa Litva mətbəxinə maraq göstərir?
– Evdə olanda özüm də Azərbaycan yeməkləri bişirirəm.

– Nələri bişirə bilirsən?
– Son bişirdiyim döşəmə plov olub. Ləvəngi bişirə bilirəm. Həyat yoldaşım yarpaq dolmasını sevir. Hə, qutab da var. Amma burada dadlı alınmır. Azərbaycana gedəndə çalışıram ki, bol-bol yeyim.

– Özünüzün nə sözünüz var?
– Sizi burada görməyimə çox şad oldum. İnşallah, klublar, Azərbaycan millisi hər zaman yüksək yerlərdə olsun. Harada olsalar, onları dəstəkləməyə çalışacağam.

Elçin Cəlilov
(Kaunas, Litva)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью