Litvada turistlər İsa Məsihin qızıl heykəlini sındırdılar

17.11.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Litvanın paytaxtı Vilnüsdə polis “İlahi Mərhəmət Məbədi” kilsəsindən oğurlanmış İsa Məsihin qızıl heykəlinin zədələnməsi ilə bağlı araşdırma aparır. 
Bizim.Media “The Independent” nəşrinə istinadən xəbər verir ki, hadisəni törətməkdə, ehtimal ki, Böyük Britaniyadan olan iki turist şübhəli bilinir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, heykəl çərşənbə günü XV əsrdə tikilmiş kilsədən oğurlanıb. Müşahidə kameralarının görüntülərində İsa Məsihin qızıl fiqurunun Vilnüsün İçərişəhər hissəsində küçənin daş döşəməsinə çırpılaraq sındırıldığı görünür.

“Müşahidə görüntülərində kişilərdən birinin heykəli əlində tutaraq yoldaşının qarşısında güldüyü görünür. O, küçədə var-gəl edir, daha sonra heykəlin qolları qəfil qopur. Hakimiyyət orqanları şübhəlilərin vətəndaşlığını hələ təsdiqləməyib. Lakin görüntülərdə kişilərdən birinin ingilis ləhcəsi ilə “Qulaq as... qulaq as... Rəbbə həmd olsun!” dediyi, digərinin isə baş verənləri telefonla çəkdiyi eşidilir”, – deyə məqalədə bildirilir.

Bundan sonra hər iki kişi hadisə yerindən uzaqlaşıb, sındırılmış heykəl isə daş döşəmənin üzərində qalıb.
Kilsənin keşişi Elias Anatolius Markauskas hadisənin videosunu internetdə yayımlayaraq ictimaiyyətdən kişilərin kimliyinin müəyyənləşdirilməsinə kömək etmələrini xahiş edib.
O, “Facebook” səhifəsində yazıb ki, noyabrın 11-dən 12-nə keçən gecə Vilnüsdəki İlahi Mərhəmət Məbədinin yaxınlığında İsa Məsihin heykəli xaçdan çıxarılaraq sındırılıb.

“Bu, mənə ağrı verir, çünki bu, sadəcə müqəddəs əşya deyil. Bu, sevdiyimiz, dua etdiyimiz və dünyanı, Vətənimizi, yaxınlarımızı və özümüzü etibar etdiyimiz Şəxsin obrazıdır”, – deyə keşiş bildirib.

O, həmçinin qeyd edib ki, məbəddə möminlər hər gün “İsa, Sənə güvənirəm!” sözlərini təkrarlayırlar. Onun sözlərinə görə, bu dəfə həmin sözləri ağrı ilə söyləyib və nifrətə qapılmamaq üçün Rəbbdən kömək istəyib.

“Onun obrazını dağıdanların nə etdiklərini dərk etmələri və Onun bağışlayan sevgisini tanımaları üçün dua etdim”, – deyə Markauskas yazıb.

Vilnüsdəki “İlahi Mərhəmət Məbədi” kilsəsində Yevgeniuş Kazimirovskinin 1934-cü ildə çəkdiyi “İsa, Sənə güvənirəm” adlı tablonun orijinalı saxlanılır.
Sındırılmış heykəlin qalıqları əvvəllər asıldığı yerin altına qoyulub və güllərlə bəzədilib.
Vilnüs polisi bildirib ki, noyabrın 11-də saat 21:00 radələrində Dominikonu küçəsində naməlum şəxs kilsənin daxili həyətində taxta xaçdan asılmış İsa Məsihin qızıl heykəlinə zərər vurub.
Hüquq-mühafizə orqanları dəymiş ziyanın məbləğini müəyyənləşdirir. Faktla bağlı Litva Cinayət Məcəlləsinin 284-cü maddəsi üzrə məhkəməyəqədər araşdırmaya başlanılıb.
Məlumata görə, noyabrın 14-də polis heykəlin zədələnməsində şübhəli bilinən kişilərdən birinin kimliyini müəyyən edib.
“Kişi dindirilib və ona şübhəli şəxs statusu barədə məlumat verilib”, – deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью