Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır

18.10.2026

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Livan oktyabrın 20–22-də ABŞ-nin Florida ştatının Tampa şəhərində keçiriləcək hərbi danışıqlara nümayəndə heyəti göndərəcək. Görüşdə ABŞ və İsrail hərbi nümayəndələri də iştirak edəcəklər.

Bunu Livan Prezidenti Cozef Aun açıqlayıb.

Onun sözlərinə görə, danışıqlar ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) himayəsi altında keçiriləcək.

"İsrailin təhlükəli eskalasiyasına son qoyulmasına nail olmaq üçün hərbi ekspertlərin görüşündə iştirak edəcəyik”, – Aun bildirib.

Livan Prezidenti oktyabrın 17-də Baabda sarayında Fransanın xarici işlər naziri Jan-Noel Barronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Aun İsraili iyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinin şərtlərinə əməl etməməkdə ittiham edib.

Onun sözlərinə görə, İsrail qüvvələri Livanın cənubundakı şəhər və kəndlərə hücumları davam etdirir, yaşayış evlərini buldozerlərlə dağıdır və fermerlərin məhsul yığmaq üçün torpaqlarına getməsinə mane olur.

Aun bildirib ki, İsrail qüvvələrinin Livan ərazilərində mövcudluğu cənub sərhədində gərginliyin davam etməsinə səbəb olur və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq Livan ordusunun bölgədə yerləşdirilməsinə maneə yaradır.

Prezident Litani çayının cənubunda yerləşən BMT sülhməramlılarının geri çəkilməsinin təhlükəli təhlükəsizlik boşluğu yaradacağını vurğulayıb.

"Ümid edirik ki, Təhlükəsizlik Şurası BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin mandatının 2027-ci ilin sonunadək uzadılması ilə bağlı müraciətimizə müsbət cavab verəcək”, – o qeyd edib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro isə ölkəsinin Livanın suverenliyini və sabitliyini dəstəklədiyini təsdiqləyib. Nazir Fransanın Livandakı təcili humanitar ehtiyacların qarşılanması üçün resurslarını səfərbər etməyə hazır olduğunu bildirib.

///teleqraf///

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью