Icma.az, Azertag portalına istinadən məlumat verir.
Qahirə, 22 sentyabr, AZƏRTAC
Livan ölkənin cənubunda BMT-nin sülhyaratma qüvvələrinin (UNIFIL) mandatı bitəndən sonra yeni beynəlxalq kontingentin yerləşməsini istəyir.
AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, Livanın Baş naziri Nəvaf Sallam bu fikri BMT Baş katibi Antonio Quttereşlə görüşündə deyib.
Nəvaf Sallam Livanın cənubunda fəaliyyət müddəti bitən UNIFIL qüvvələrinin BMT-nin rəhbərliyi altında digər beynəlxalq qüvvələrlə əvəzlənməsinin əhəmiyyətini vurğulayıb. Əlavə edib ki, yeni qüvvələr nəzarət, kommunikasiya funksiyalarını yerinə yetirməli, sabitliyi qorumalı və Livan dövlətinin ölkənin bütün ərazisində suverenliyinin təmininə dəstək verməlidir.
Qeyd edilməlidir ki, 1978-ci ildən UNIFIL qüvvələrinin tərkibində 46 ölkədən 7500 hərbçi xidmət edib. Lakin ötən ilin avqustunda BMT Təhlükəsizlik Şurası UNIFIL-in mandatının bu il dekabrın 31-də sona çatması barədə qərar qəbul edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə