Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Qahirə, 17 iyun, AZƏRTAC
Livan Prezidenti Cozef Aun bildirib ki, İsraillə danışıqlar kursu Tehran və Vaşinqton arasında Yaxın Şərqdə müharibənin sona çatdırılması üçün əldə edilmiş qarşılıqlı anlaşmadan “ayrı”dır.
AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, Livan Prezidenti Cozef Aun ölkəsinin aparılan danışıqlarda müstəqil mövqe tutduğunu və qərarlarını suveren şəkildə qəbul etdiyini bildirib: “Bizə verilən təminatlar və bizim də israr etdiyimiz məqam ondan ibarətdir ki, Livan danışıqlarda müstəqil yol tutub. Bununla yanaşı, biz əlbəttə ki, atəşkəsin əldə olunmasını və bu istiqamətdə bizə yardım göstərən hər bir dövləti, o cümlədən İranı dəstəkləyirik”. İran, eləcə də amerikalı rəsmilər və vasitəçi tərəf olan Pakistan daha əvvəl bəyan etmişdilər ki, müharibənin dayandırılması Livan cəbhəsində “Hizbullah” ilə İsrail arasındakı qarşıdurmanı da əhatə edəcək”.
Aun əlavə edib: “Livan dövləti öz qərarlarının sahibidir və ilk dəfədir ki, danışıqları məhz dövlət özü aparır, onun adından heç kim danışmır. Livan vətəndaşları arxayın ola bilərlər, çünki heç kim bizi hər hansı başqa dövlətlə əlaqələndirmir və əldə olunacaq istənilən razılaşma bizim vasitəmizlə həyata keçiriləcək, bizim hesabımıza deyil”.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə