Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Mən sərlövhədə “Qarabağ”lıya” yazdım, siz ora konkret ad da qoya bilərsiz. İstər Mateuş Koxalski olsun, istər Elvin Cəfərquliyev, istərsə də Marko Yankoviç... Məsləhətlərim hər kəs və hamı üçün keçərlidi.
1. Bu gerçəyi bir an da unutma: udsan da, uduzsan da, sən artıq qəhrəmansan! Pley-offa çıxmaq vəzifəsini 99 faiz həll etmisən, “Benfika”, “Ayntraxt” kimi çətin rəqibləri məğlub etmisən, “Çelsi” ilə heç-heçə oynamısan, Avropaya oyununla səs salmısan. Üzərində heç bir təzyiq hiss etmə, uşaqlığını, məhlədəki dostlarla futbol oynadığın anları yada sal. Sakit, amma inamlı ol!
2. Dünyanın ən möhtəşəm stadionlarından birində, ən möhtəşəm azarkeşlərin önündə oynayırsan. Bir uğurlu hərəkətin, bir möhtəşəm driblinqin, bir qeyri-adi seyvin kifayətdi ki, publikanın simpatiyası meydan sahiblərinə yox, sənə tərəf yönəlsin, azarkeşlər “Liverpul”u yox, səni alqışlasın. Özünə inan, sən bunu bacararsan!
3. Mübarizədən çəkinmə, ayağını, başını və ən əsası ürəyini qoy. Hər mübarizə anına qəhrəmanlıq imkanı kimi bax. Şuşanın sildırım qayalarına ağır silahla, belində şəhid olan qardaşı ilə qalxan xüsusi təyinatlıdan nəyin əskikdi? Özün və komanda yoldaşın üçün döyüş!
4. Dünyanın ən baxımlı çempionatının ən çox çempion olan komandasına qarşı oynayırsan. Vitrindəsən. Sənə təkcə tələbkar “Liverpul” azarkeşi yox, bütün dünya baxır. Məhz bu oyundakı qəhrəmanlıq sayəsində ən güclü klublardan birindən həyatını dəyişəcək təklif almaq imkanın var. Meydanda son damla tərə qədər mübarizə aparmağa dəyər!
5. Qarabağı düşün, Vətəni düşün, Azərbaycanı düşün, hər oyunda Respublika stadionunu bayram yerinə çevirən azarkeşi düşün! Bütün bu gözəllikləri sevməyə, bunlar uğrunda ölməyə dəyər. Mən səndən ölməyi yox, sevməyi tələb edirəm. Sevən ölməyə də hazır olur!
ORXAN