Liviya 2030 cu ilədək Avropaya qaz ixracını artırmağı planlaşdırır

03.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qahirə, 3 fevral, AZƏRTAC

Liviya qarşıdakı 5 il ərzində təbii qaz hasilatını artırmağı planlaşdırır. Ölkə 2030-cu ilədək Avropaya ixrac üçün daha böyük həcmdə qaz istehsal etmək niyyətindədir.

AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Liviyanın Milli Neft Korporasiyasının rəhbəri Məsud Süleyman Dohada “Mayeləşdirilmiş Təbii Qaz 2026” konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Liviya qaz hasilatını gündə təxminən 1 milyard kub futa çatdırmağı və cari ilin ikinci yarısında şist qazının kəşfiyyatına başlamağı nəzərdə tutur. Qeyd olunub ki, Liviyanın ənənəvi və qeyri-ənənəvi mənbələr üzrə 80 trilyon kub fut həcmində qaz ehtiyatı mövcuddur. Eyni zamanda, bildirilib ki, Liviya hazırda “Green stream” boru kəməri vasitəsilə az miqdarda təbii qaz ixrac edir.

Bundan başqa, M.Süleyman Liviyada enerji ehtiyatlarının işlənməsi üzrə keçirilmiş son tender mərhələsinin qaliblərinin adlarını fevralın 11-də açıqlayacağını vurğulayıb. Onun sözlərinə görə, tenderdə Asiya, Avropa, Şimali Amerika, Yaxın Şərq və Afrikadan təxminən 37 şirkət iştirak edib. Liviyanın Milli Neft Korporasiyasının rəhbəri əlavə edib ki, bu şirkətlər arasında “Chevron”, “Eni”, “ConocoPhillips” və “Repsol”un daxil olduğu bir konsorsium da var.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью