Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Düzünü desəm, şəhəri çox bəyəndik. Bakıda 3-4 gün keçirdik”.
Bunu Lixtenşteyn futbol millisinin kapitanı Nikolas Hasler UEFA Millətlər Liqasının D Divizionunda Bakıda Azərbaycan yığması ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Oyun sizin üçün necə keçdi?
- Bizim üçün çətin oyun oldu. Azərbaycan yığmasının keyfiyyətli futbolçulara sahib olduğunu bilirdik və onlar həqiqətən yaxşı qol imkanları yaratdılar. Lakin sona qədər mübarizə apardıq və düşündük ki, oyun uzandıqca bəlkə nəsə əldə etmək şansımız olar. Uzun fasilədən sonra yenidən bir xal qazandığımız üçün son dərəcə xoşbəxtik.
- Paltardəyişmə otağında böyük sevinc var idi...
- Bəli, çox xoşbəxtik. Düzdür, Azərbaycanın çoxsaylı qol vəziyyətləri oldu, amma biz xal qazanmaq üçün hər şeyi sınadıq. Bütün komanda üzvləri qapıya doğru gedən topların qarşısını almağa, zərbə vurulanda bədənini qabağa verərək topun qarşısını kəsməyə çalışdı. Nəticə etibarilə müdafiə baxımından yaxşı oyun keçirdik. Qol buraxmadığımız və evimizə 1 xalla qayıtdığımız üçün çox xoşbəxtik.
- Matçdan əvvəl belə bir nəticə gözləyirdiniz?
- Siz jurnalistsiniz, yəqin ki, son nəticələrimizi görmüsünüz. Adətən oyunları uduzuruq, ona görə də heç-heçə edəcəyimizi gözlədiyimizi deyə bilmərəm. Lakin hər oyuna çıxıb nəsə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bu görüşdə də əla komanda mübarizəsi var idi. Bir qədər də şansla hər şeyin mümkün ola biləcəyini bir-birimizə göstərdik.
- Azərbaycan millisi haqqında düşüncələriniz necədir?
- Sadəcə, videoanalizlərdə izlədiklərimi və bu gün meydanda gördüklərimi deyə bilərəm. Azərbaycanlı futbolçuların fərdi keyfiyyətləri yüksəkdir. Oyun ərzində təhlükəli epizodlar yaratmağa, müdafiə xəttimizin arxasına qaçmağa və qol vurmağa çalışırdılar. Çoxsaylı qol vəziyyətləri oldu, sadəcə, bəxtləri gətirmədi. Düşünürəm ki, bu gün şans bizim tərəfimizdə idi.
- Bakı və Azərbaycan haqqında fikirləriniz maraqlıdır...
- Düzünü desəm, şəhəri çox bəyəndik. Bakıda 3-4 gün keçirdik. Şəhəri gəzmək, İçərişəhəri və “Formula-1” yarışlarının keçirildiyi küçələri görmək imkanımız oldu. Bakı çox gözəl şəhərdir, burada bizi yaxşı qarşıladılar. Ümid edirəm ki, nə vaxtsa yenidən buraya gələ bilərik.