Bizim media saytına istinadən Icma.az xəbər verir.
Vətəndaşların qızıl-zinət əşyalarını mənimsəməkdə təqsirləndirilən "Lombard Xəyal" kimi tanınan Xəyal Abdullayev və onun köməkçisi olmuş Fərid Abuzərliyə qarşı cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.
Zərərçəkən S.Ş təqsirləndirilənlərdən X.Abdullayevi tanıdığını bildirərək, qızıl girov qoyması müqabilində ondan sələmə pul götürdüyünü deyib:
"28 may 2020-ci ildə qızılımı girov qoyub pul götürdüm. Müqaviləni ilk dəfə Xəyalla bağlamışdıq. Ona 1 100 manat ödəmişdik, borcum qalmamışdı. Qızıllarımı qaytarması üçün bunların Nəsimidəki filialına gedəndə, ofisin bağlandığını gördük. Sonra öyrəndik ki, onlar həbs olunub, məhkəmələri gedir. Mən yalnız qızıllarımı istəyirəm, başqa şikayət və tələbim yoxdur".
Şahid C.C hər iki təqsirləndiriləni tanıdığını bildirib:
"Nizami" metro stansiyasının yaxınlığında olan lombarda 2 min manat dəyərində qızıl girov qoymuşdum. Ödənişlərimi vaxtında edirdim. Axırıncı borcumu edəndə ikisi də mənə dedi ki, narahat olma, qızıllarını yaxın günlərdə qaytaracağıq. Sonra bildim ki, Xəyal qızıllarımı satıb, pulunu mənimsəyib. Zəng edirdim, cavab vermirdi. Axırda bir dəfə götürdü və mənə dedi ki, sənəddə kimin adı var, get, qızıllarını ondan tələb elə. Fəridə də zəng edəndə mənə qızıllarımın taleyini Xəyaldan soruşmağı tövsiyə edirdi".
Təqsirləndirilən Fərid Abuzərli ifadəsində deyib ki, şikayət edib onu həbs etdirdiklərinə görə zərərçəkənlərdən aldığı əmanətlərin heç birini qaytarmayacaq.
Daha sonra məhkəmə iş üzrə prosesə gəlməyən zərərçəkənlərin məcburi gətirilməsi barədə qərar qəbul edib.
Növbəti iclas fevralın 23-nə təyin olunub.
Xatırladaq ki, cinayət işi üzrə 31 nəfər zərərçəkən qismində tanınıb. İttiham edilənlər vətəndaşlardan girov qismində götürdükləri qızıl-zinət əşyalarını və ödədikləri pulları mənimsəməkdə təqsirləndirilirlər.
Belə ki, metronun "Nizami" stansiyasının yaxınlığında, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardın əksər müştəriləri borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər. Zərərçəkənlər bundan sonra polisə şikayət ediblər.
Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar. (Oxu.az)
Bizim.Media