Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
London, 28 yanvar, AZƏRTAC
Londonda Kral Birləşmiş Xidmətlər İnstitutu (RUSI) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Geosiyasi qeyri-müəyyənlik şəraitində Cənubi Qafqazda sülhün qurulması” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, iki paneldən ibarət tədbirdə Azərbaycan və Böyük Britaniyadan yüksəksəviyyəli qonaqlar, eləcə də regional ekspertlər iştirak ediblər.
Birinci panel RUSI-nin Beynəlxalq Təhlükəsizlik üzrə direktoru Neil Melvinin moderatorluğu ilə “Geosiyasi transformasiyalar və regional təhlükəsizlik nizamı” mövzusuna həsr olunub. Paneldə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri Fərid Şəfiyev Cənubi Qafqazda dəyişən regional dinamikanı, Azərbaycanın bölgədə aparıcı aktor kimi formalaşan rolunu və davamlı sülhə, möhkəm regional sabitliyə nail olmaq üçün ABŞ-ın bölgədə davamlı iştirakının strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, onilliklər davam edən münaqişə və ərazilərin işğalından sonra Azərbaycan hazırda Cənubi Qafqazda və daha geniş coğrafiyada sülhü təşviq edir. Azərbaycan xarici siyasətini milli maraqlara uyğun şəkildə həyata keçirir, qarşılıqlı fayda və etimada əsaslanan mümkün qədər geniş tərəfdaşlıqlar qurmağa çalışır.
“Chatham House”un baş elmi işçisi Natali Sabanadze Gürcüstanın dəyişən regional dinamika çərçivəsində rolundan bəhs edib.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri və Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi Ramil İsgəndərli Azərbaycanla Ermənistan arasında davam edən sülh quruculuğu təşəbbüslərinin mühüm rolunu vurğulayıb. O, vətəndaş cəmiyyəti nümayəndələri arasında uzunmüddətli dialoqun qurulması və qorunmasında “Sülh Körpüsü” Təşəbbüsünün əhəmiyyətini qeyd edib.
İkinci panel Fərid Şəfiyevin moderatorluğu ilə regionda iqtisadi inteqrasiyanın mövcud imkanlarına, bu imkanların Azərbaycanla Ermənistan arasında davam edən sülh quruculuğu prosesləri ilə əlaqəsinə və iqtisadi əməkdaşlıqla qarşılıqlı asılılığın Cənubi Qafqazda sülhyaratma aləti kimi roluna həsr olunub. Milli Məclisin deputatı, Azərbaycan–Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə Azərbaycanın Cənubi Qafqazın regional gündəminin yenidən formalaşdırılmasında aparıcı rolunu önə çəkib. O, Azərbaycanın bir sıra çoxtərəfli platformalarda liderliyinin regionda sabitlik və rifahın təmininə töhfə verdiyini bildirib, həmçinin Orta Dəhliz kimi regional layihələrin sülhün qurulma proseslərini dəstəkləmək baxımından əhəmiyyətini qeyd edib.
Sual-cavab sessiyasında bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti, kommunikasiya və xarici əlaqələr üzrə rəhbəri Bəxtiyar Aslanbəyli regional enerji layihələri ilə bağlı sualları cavablandırıb.
Tədbirin qalan hissəsində regionun gündəmində duran digər aktual məsələlər müzakirə olunub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London