Londonla Pekin arasında münasibətlərdə bir qisim suallar var

29.01.2026

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Çinə rəsmi səfəri çərçivəsində Pekində bu ölkənin lideri Si Cinpinlə görüşüb. İki lider arasındakı görüş 40 dəqiqə çəkib. Bu, Böyük Britaniya baş nazirinin son səkkiz il ərzində Çinə ilk rəsmi səfəridir. Pekində iki ölkə arasında münasibətlərin inkişafı və beynəlxalq məsələlər müzakirə olunub.

Politoloq Elxan Şahinoğlu deyib ki, “The Guardian” nəşrində yayımlanan məqalədə Donald Trampın prezidentliyi dönəmində Böyük Britaniyanın ABŞ-la münasibətlərdə sualların yarandığı şəraitdə Londonun alternativ istiqamətlərə önəm verdiyi vurğulanıb. Kir Starmer Pekinə yola düşərkən təyyarədə verdiyi açıqlamada, iki ölkə arasındakı münasibətlərə aydınlıq gətirmək istədiyini deyib. Bu o deməkdir ki, Londonla Pekin arasında münasibətlərdə bir qisim suallar var. Elə Kir Starmerin özü əvvəlki açıqlamalarında Çin Xalq Respublikasını Böyük Britaniyanın milli təhlükəsizliyi üçün “real təhdid” adlandırmışdı. Baş nazir London ilə Pekin arasında sabit və davamlı münasibətlərin olmamasını tənqid etmişdi:

"Buna baxmayaraq, Böyük Britaniya Çinlə iqtisadi əməkdaşlıqdan faydalanmaq istəyir. Halbuki, Böyük Britaniya Çinin əsas 10 ticarət tərəfdaşı arasında yer almır. Çünki, Pekin Londonu Vaşinqtonun satelliti kimi dəyərləndirir. Təsadüfi deyil ki, Kir Starmerin Çinə səfərini Böyük Britaniyada tənqid edənlər də az deyil. Mühafizəkarlar Partiyasının üzvləri Çinin Böyük Britaniyada xəfiyyə şəbəkəsi qurduğunu və xəfiyyələrin hətta Böyük Britaniya parlamentinə nüfuz etdiklərini vurğulayaraq, belə şəraitdə baş nazirin Pekinə səfərini doğru hesab etməyiblər. Kir Starmer bu ittihamlara cavab olaraq Pekindəki görüşlərdə Çində insan haqları mövzusuna da diqqət yetirəcəyini bildirib.

Misal üçün Starmer deyib ki, Honkonqda həbs olunan media maqnatı Cimmi Layın azad olunmasına çalışacaq. Demokratiya tərəfdarı kimi tanınan 78 yaşlı Cimmi Lay Honkonqda milli təhlükəsizlik ittihamları ilə mühakimə olunub".

O, qeyd edib ki, Kir Starmerin bir səfərlə iki ölkə arasındakı suallara aydınlıq gətirəcəyini söyləmək çətindir. London Vaşinqtonla münasibətlərdə yaranan suallara rəğmən, Çini ABŞ-a dəyişməyəcək. Buna baxmayaraq, Starmerin söylədiyi kimi, Böyük Britaniya - Çin münasibətlərə aydınlıq gətirməyə ehtiyac var.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью