Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Qiymətlər ya açıq-aşkar şişirdilib, ya da elə “endirim paketləri” təqdim olunur ki, məntiqi izahını tapmaq çətindir. Son günlər yaşadığımız bir vəziyyət isə bu sahədəki xaosu bütün çılpaqlığı ilə ortaya qoyur.
Bir mərkəzlə əvvəlcədən telefonla əlaqə saxladıq. Bildirdilər ki, ilkin yoxlanış 25 manatdır, seansın real qiyməti 30 manat olsa da, guya endirim edilib və hazırda 25 manata təklif olunur. Qiymət razılaşdırıldı, mərkəzə üz tutduq. Mütəxəssis uşağın vəziyyətini dəyərləndirdi və səslərin korreksiyasının bir neçə seansa – təxminən 3–4 görüşə düzələ biləcəyini dedi.
Hər şey normal görünürdü… ta ki kassaya çatana qədər.
Kassada qəfil yeni şərtlər ortaya çıxdı: “Endirimdən istifadə etmək üçün 12 seanslıq paket götürməlisiniz”. Sual verdik: telefon danışığında bu niyə deyilmədi? Cavab hazır idi: “Seanslar bitəndə qalan pulu qaytararıq”.
Yəni valideyn 300 manatı əvvəlcədən ödəməlidir, ehtiyac olub-olmamasından asılı olmayaraq. Uşağın problemi 3 seansda həll olunsa belə, qalan pul mərkəzin “emanətində” qalır. Başqa sözlə, valideyn övladının nitq problemi üçün pul yox, sanki lombarda girov qoyur.
Bu hansı endirimdir? Bu hansı etik yanaşmadır? Əgər müalicə bir neçə seanslıqdırsa, niyə valideyn 12 seansın pulunu ödəməyə məcbur edilir? Niyə qiymət şərtləri əvvəlcədən tam və açıq şəkildə deyilmir?
Ən ağrılı məqam isə budur: burada söhbət lüks xidmətlərdən yox, uşaq inkişafından gedir. Valideyn onsuz da narahatdır, övladının danışmaması onu psixoloji olaraq yükləyir. Belə bir durumda “paket tələsi” qurmaq nə peşəkarlığa, nə də vicdana sığır.
Əlbəttə, bu sahədə vicdanla çalışan, real qiymət siyasəti olan, valideyni çaşdırmayan mütəxəssislər və mərkəzlər də var. Amma bir neçə mərkəzin bu cür yanaşması bütün sahəyə kölgə salır, valideynlərin etimadını sarsıdır.
Nitq qüsuru müalicə tələb edir, ticarət oyunu yox. Endirim adı altında valideyni fakt qarşısında qoymaq nə müasir xidmət anlayışıdır, nə də uşaq hüquqlarına hörmət. Bu sahədə nəzarət, şəffaf qiymət siyasəti və ən əsası etik yanaşma artıq seçim yox, zərurətdir. Çünki burada söhbət paketdən yox, bir uşağın səsindən gedir.
Leyla Mirzə, Bizimyol.info