Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın Los-Anceles şəhərində keçirilən mer seçkisində Nitiya Raman qələbə qazanaraq şəhərin ilk hind əsilli meri olacaq. O, hazırkı mer Karen Bassı geridə qoyub.
Modern.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, gözlənilən səslərin 76 faizi hesablandıqdan sonra Nitiya Raman 52,1 faiz, Karen Bass isə 47,9 faiz səs toplayıb.
Hazırkı mer Karen Bass rəqibinə telefonla zəng edərək onu qələbə münasibətilə təbrik edib.
“Los-Anceles sakinləri öz seçimlərini ediblər. Mən hakimiyyətin rəvan və maneəsiz şəkildə təhvil verilməsini təmin etməyi öhdəmə götürmüşəm”, – Bass bildirib.
Nitiya Raman da video müraciətində tərəfdarlarına təşəkkür edib və Karen Bassın fəaliyyətini qeyd edib. O, münasib qiymətə mənzillərin tikintisini təmin edəcəyini, ictimai nəqliyyatı inkişaf etdirəcəyini və şəhər idarəçiliyinin işini yaxşılaşdıracağını vəd edib.
45 yaşlı Nitiya Raman Hindistanın Kerala ştatında anadan olub. Altı yaşında ailəsi ilə birlikdə ABŞ-a köçüb, 22 yaşında isə Amerika vətəndaşlığını alıb.
O, 2020-ci ildən Los-Anceles Şəhər Şurasında dördüncü dairəni təmsil edir.
Qeyd edək ki, Nitiya Raman və Karen Bass iyun ayında keçirilən ilkin səsvermədən sonra mer seçkisinin ikinci turuna vəsiqə qazanmışdılar.