futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Dinamo”ya uduzdu. Polşada, Lublin şəhərində baş tutan görüşdə kiyevlilər minimal hesablı qələbəyə sevindi.
Ukrayna təmsilçisi əvvəlki əzəmətində olmadığı üçün matçdan əvvəl favorit “Qarabağ” göstərilirdi. Qurban Qurbanovun yetirmələrinin avrokuboklarda son illərdə qazandığı stabil nəticələr təmsilçimizi bir addım önə çıxarırdı.
Matça da məhz “Qarabağ” daha yaxşı başladı. Ardıcıl qol şansları yaradan “atlılar” fərqlənə bilmədi. Əvəzində müdafiədəki anlaşılmazlıqdan sonra “Dinamo” hesabı açdı. Qoldan sonra üstün oynayan və epizodlar yaradan “Qarabağ” həlledici zərbəni endirə bilmədi.
İkinci hissənin sonlarına yaxın isə oyunun ipləri qopdu. Meydanda ardıcıl səhvlərlə diqqət çəkən “atlılar” və yaxşı qol fürsətlərini sağa-sola xərcləyən “Dinamo” var idi. Bəxtdən kiyevlilər ikinci topu vura bilmədi. Yoxsa revanşda işlər daha çətin olacaqdı.
“Qarabağ” Polşada avrokuboklardakı ən zəif oyunlarından birini keçirdi. Ancaq hələ heç nə bitməyib. Qurbanovun yetirmələrinin Bakıda mərhələ keçmək üçün kifayət qədər potensialı var. Daha yaxşı hazırlaşmaq və revanşda erkən qol vurmaq mütləqdir.
“Qarabağ” – “Dinamo” oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Şahin Cəfərov