Lue: “Sabah”a məğlubiyyətdən sonra ruhdan düşmədik”

15.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Zirə” Misli Premyer Liqasının V turunda “Qarabağ”la heç-heçə edib – 1:1.

“Qartallar”ın hücumçusu Bayere Lue matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– “Qarabağ”dan xal almağı bacardınız. Oyunu şərh edərdiniz.
– Bu oyun bizim üçün çox vacib idi. “Qarabağ”a qarşı oynamaq hər zaman xüsusi hissdir və düşünürəm ki, ümumilikdə yaxşı oyun keçirdim. Qolumun qeydə alınmamasına çox məyus oldum, amma futbol belədir. Qarşıdakı oyun haqqında düşünməliyik. Bu oyun mənə gələcəyə dair inamımı daha da artırdı və pozitiv düşüncələrimi qoruyuram.

– Matçda daha çox qol şansı yaradan sizin komandanız oldu. Düşünmürsünüz ki, iki xal itirdiniz?
– Bəli, mən də fikirləşirəm ki, 3 xal qazana bilərdik. Əgər qolum qeydə alınsaydı və İssanın möhtəşəm qolu olsaydı, oyun tamamilə başqa cür keçə bilərdi, 2:0 öndə ola bilərdik. Amma qeyd etdiyim kimi, bütün bunlar futbolun bir hissəsidir. Buradan dərs çıxarmalı və növbəti matça köklənməliyik. Bu komandanın bir parçası olmaqdan və mental gücümüzdən çox məmnunam.

– “Sabah”a 0:5 hesablı məğlubiyyətdən sonra “Qarabağ”a qarşı yaxşı görünə bildiniz. Toparlanmaq çətin olmadı?
– Bunlar məşqçilər heyəti ilə bağlıdır. Baş məşqçi bizi hər zaman motivasiya edir, məşq və oyunlar üçün ən yaxşı şəraiti yaradır, prosesə inanmağımıza kömək göstərir. Hamımızın eyni ambisiyası var və bu, hətta pis günlərimizdə belə işimizi asanlaşdırır. “Sabah”a məğlubiyyətdən sonra ruhdan düşmədik. “Qarabağ”a qalib gəlmək istəyirdik, amma sonda xalları bölüşdük.

– Növbəti turda “Turan Tovuz”la qarşılaşacaqsınız. Bu rəqiblə oyunlarınız həmişə prinsipial xarakter daşıyır. Qarşıdakı matçdan gözləntiləriniz nələrdir?
– Öyrəndiyim qədərilə, bu komandaya qarşı oyunlar hər zaman gərgin və mübarizəli keçir. Amma biz bu həftə işləyəcək və hazırlaşacağıq. Hər matçda olduğu kimi, bu görüşdə də qələbə qazanmağı hədəfləyirik.

– Qarşıda milli komandaların oyunlarına görə fasilə olacaq. İndiki məqamda bu fasilə komandanızın lehinədir?
– “Turan Tovuz”a qalib gələ bilsək, bu, bizim üçün çox müsbət olacaq. İlk “üçlük”də qalmaq və mövqeyimizi qorumaq bizə növbəti oyunlar üçün əlavə inam verəcək.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью