Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Fransanın PSJ futbol komandasının baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasında İtaliyanın “Roma” klubuna qarşı karyerasında ilk rəsmi oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, İspaniyalı mütəxəssis 14 il əvvəl ayrıldığı komanda ilə yenidən qarşılaşacaq.
Luis Enrike 2011-ci ildə “Barselona”nın ikinci komandasındakı uğurlu fəaliyyətindən sonra “Roma”nın baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında Kataloniya təmsilçisinin ikinci komandası İspaniyanın ikinci divizionuna yüksəlib və 2010/2011 mövsümünü üçüncü pillədə başa vurub.
İtaliyadakı fəaliyyətinin ilk günlərində isə mütəxəssis klubun əfsanəvi futbolçusu Françesko Totti ilə fikir ayrılığı yaşayıb.
UEFA Avropa Liqasının təsnifat mərhələsində Slovakiyanın “Slovan” (Bratislava) komandası ilə ilk görüşdə Tottini ehtiyatda saxlayan Enrike cavab qarşılaşmasının 74-cü dəqiqəsində onu əvəzləyib. Həmin vaxt hesab 1:1 olub və baş məşqçinin qərarı Roma Olimpiya Stadionunda azarkeşlərin kəskin etirazına səbəb olub.
İtaliya təmsilçisinin turnirdən kənarlaşması mövsüm boyunca Enrikeyə qarşı tənqidlərin davam etməsinə səbəb olub. Buna baxmayaraq, zaman keçdikcə Totti ilə münasibətlər normallaşıb. Hətta komandanın kapitanı dəfələrlə baş məşqçini ictimaiyyət qarşısında müdafiə edib.
Luis Enrike “Roma”da öz oyun fəlsəfəsindən imtina etməyib və Tottiyə meydanda tam sərbəstlik verib. İtaliyalı futbolçu həmin mövsüm iştirak etdiyi 27 qarşılaşmanın 26-da əsas heyətdə meydana çıxıb.
İspaniyalı mütəxəssisin rəhbərliyi altında “Roma” bütün turnirlərdə 17 qələbə, doqquz heç-heçə və 16 məğlubiyyətlə yadda qalıb. İtaliya kubokunda “Yuventus”a 0:3 hesabı ilə məğlub olan komanda A Seriyasında mövsümü yeddinci pillədə başa vuraraq avrokuboklardan kənarda qalıb.
2012-ci ilin mayında klubdan ayrılmaq qərarına gələn Enrike rəhbərliyin onu fikrindən daşındırmaq cəhdlərinə baxmayaraq, istirahətə ehtiyacı olduğunu bildirib.
Bundan sonra “Selta”, “Barselona” və İspaniya millisini çalışdıran mütəxəssis məşqçilik karyerasında böyük uğurlar qazanıb. Kataloniya təmsilçisi ilə bir mövsümdə üç titul qazanan Enrike PSJ ilə ardıcıl iki dəfə Çempionlar Liqasının qalibi olub.
“Roma”dakı uğursuz mövsüm isə onun Avropa futbolunun zirvəsinə aparan məşqçilik karyerasında mühüm təcrübə rolunu oynayıb.