Luis Enrike: “Səhər saat dörddə hər şeyi atmaq istəyirdim”

19.11.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

PSJ-nin baş məşqçisi Luis Enrike məşqçilik karyerasına necə başladığını və ilk vaxtlar üzləşdiyi çətinlikləri xatırlayıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis Betevé telekanalının “Tocats per Lucho” sənədli filmində futbolçu karyerasını bitirdikdən sonra məşqçi olmaq niyyətində olmadığını etiraf edib.

“Heç vaxt məşqçi olmağı düşünməmişdim. Futbolçu olduğum vaxt da belə bir istəyim yox idi. Pep Qvardiola, Serxi Barxuan və digər komanda yoldaşlarımla söhbət edərkən qərara gəldik ki, məşqçilik kurslarına yazılaq. İki il yarımdan sonra lisenziyalarımız olacaqdı. Amma düzünü desəm, məşqçi olmaq fikrim yox idi”, - deyə Enrike bildirib.

55 yaşlı mütəxəssis 2008-ci ildə “Barselona B” komandasına rəhbərlik etməyə başladığı dövrdə ciddi çətinliklərlə üzləşdiyini də açıqlayıb.

“Böyük həvəslə başladıq, amma hər şey bizim üçün yeni və naməlum idi. Mövsümöncəsi hazırlıq zamanı az qala hər şeyi yarımçıq qoyacaqdım. Futbolçu olanda hər şeyə nəzarət edə bilirdim. Məşqçi kimi isə heç nəyə nəzarət edə bilmədiyimi hiss edirdim”.

Enrike həmin günlərdə yaşadığı gərginliyi də xatırlayıb:

“Yadımdadır, bir gecə saat dörd radələrində az qala nəfəs almaqda çətinlik çəkirdim. Həyat yoldaşıma dedim ki, səhər saat səkkizdə gedib hər şeyi dayandıracağam. Qoy bu işi başqası görsün. Amma səhər saat səkkizdə fikrimi dəyişdim və davam etmək qərarına gəldim”.

İspaniyalı mütəxəssis məşqçilik karyerasının ilk illərində təcrübəsizlikdən çoxlu səhvlərə yol verdiyini də etiraf edib. O, məşqçilik baxımından ən çox Lui van Qaldan nümunə götürdüyünü bildirib.

Qeyd edək ki, Luis Enrike 2008-2011-ci illərdə “Barselona B”ni çalışdırıb. Daha sonra “Roma”, “Selta”, “Barselona”, İspaniya millisi və PSJ-də fəaliyyət göstərib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью