Luis Suares “İnter Mayami” ilə gələcəyi barədə qərarını açıqladı

18.11.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İnter Mayami”nin hücumçusu Luis Suares futbolçu karyerasını davam etdirmək və ABŞ klubunda qalmaq niyyətindədir.

İdman.Biz “Tot costa” verilişinə istinadən xəbər verir ki, 39 yaşlı uruqvaylı ulduz müqaviləsini uzatmaq üçün klub rəhbərliyi ilə danışıqlar apardığını açıqlayıb.

“Daha bir neçə mövsüm komandada qalmaq üçün ‘İnter Mayami’ ilə danışıqlar aparıram. Messi ilə müqayisədə kimin karyerasını daha tez bitirəcəyini bilmirəm. Hələlik əsas istəyimiz qələbələr qazanmağa davam etməkdir. Leo ilə eyni vaxtda futbolu tərk etmək istərdim. Amma ola bilər ki, onun oynamaq həvəsi və enerjisi davam etsin, mən isə daha tez dayanmalı olum”, - deyə Suares bildirib.

Təcrübəli hücumçu artıq maliyyə məsələlərini deyil, futboldan aldığı zövqü ön plana çıxardığını vurğulayıb:

“Artıq pul üçün oynamıram. Məqsədim futboldan həzz almağa və rəqabət aparmağa davam etməkdir. Məğlub olanda və ya əvəzlənəndə əsəbiləşirəm. Bu xüsusiyyətim dəyişməyib və dəyişməyəcək”.

Suares karyerasını başa vurduqdan sonra Barselonaya qayıtmağı düşündüyünü də gizlətməyib. Onun sözlərinə görə, ailəsi Kataloniya paytaxtında özünü həmişə evindəki kimi hiss edib.

Uruqvaylı futbolçu gələcəkdə məşqçiliklə məşğul olmaq istəmədiyini, daha çox klub idarəçiliyinə, xüsusilə idman direktoru vəzifəsinə maraq göstərdiyini bildirib.

Qeyd edək ki, Suaresin “İnter Mayami” ilə hazırkı müqaviləsi 2026-cı ilin sonunadək qüvvədədir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью