Lukaşenko: Rusiya Ukrayna müharibəsi gələn il bitəcək

16.10.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın növbəti prezidentinin kim olacağına ABŞ Prezidenti Donald Trampın deyil, Ukrayna xalqının qərar verməli olduğunu bildirib. O, eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin bu il, yaxud gələn il başa çatacağına əminliyini ifadə edib.

Gununsesi.info BELTA-ya istinadən xəbər verir ki, Lukaşenko bu fikirləri jurnalistlərin Ukraynanın hazırkı rəhbərliyi dövründə sülhə nail olmaq perspektivləri ilə bağlı suallarını cavablandırarkən səsləndirib.

“Əgər məndən siyasətçi kimi cavab almaq istəyirsinizsə, başqa, məsələnin mahiyyəti ilə bağlı cavab istəyirsinizsə, başqa. Məsələnin mahiyyəti budur: bu, Trampın həll edəcəyi məsələ deyil. Ukraynanın prezidenti kimin olacağına Ukrayna xalqı qərar verəcək”, – deyə Belarus lideri vurğulayıb.

Lukaşenko xatırladıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl yalnız bir prezidentlik müddəti vəzifədə qalacağına söz verib.

“Vədinə əməl edib, seçkilərə getmək lazımdır. Bu məsələdə Tramp haqlıdır: söz vermisənsə, vədinə əməl etməlisən. Amma diktə etmək olmaz. Tramp Ukraynaya necə hərəkət etməli olduğunu diktə etməməlidir”, – o bildirib.

Belarus Prezidenti müharibənin başa çatmasının həm Ukraynanın, həm də Rusiyanın maraqlarına uyğun olduğunu deyib. Onun sözlərinə görə, döyüşlərin davam etməsi hər iki ölkə üçün mənfi nəticələr doğurur.

“Bu sülh olacaq. Bu il olmasa, gələn il. Mən buna tam əminəm”, – Lukaşenko qeyd edib.

O, ABŞ-nin Rusiyaya qarşı sanksiyaların ləğvi və digər razılaşmaların əldə olunması imkanlarını müzakirə etməyə hazır olduğu barədə siqnallar verdiyini iddia edib. Bununla yanaşı, Lukaşenkonun sözlərinə görə, Vaşinqton Ukrayna ilə razılaşma əldə edilməyəcəyi təqdirdə gələn il vəziyyətin daha da mürəkkəbləşə biləcəyi barədə xəbərdarlıq edir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью