Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüşündən əvvəl ABŞ Prezidenti Donald Trampa bir sıra məsləhətlər verdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, A.Lukaşenko bu barədə Fransanın "Le Point" nəşrinə verdiyi müsahibədə danışıb.
Belarus lideri Amerika həmkarına danışıqların gedişatı ilə bağlı verdiyi tövsiyəni belə ifadə edib:
"Artıq danışıqlar aparsalar da, mən ona necə davam etməli olduğunu məsləhət gördüm: "Donald, Putinə təzyiq göstərmə; bu, mənasızdır. Putin Amerika Birləşmiş Ştatlarının nə olduğunu başa düşür"".
A.Lukaşenko qeyd edib ki, onunla D.Tramp arasında uzunmüddətli dialoq baş tutub. Söhbət zamanı təkcə Ukrayna münaqişəsinin nizamlanması deyil, həm də ABŞ-Çin münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2025-ci il avqustun 15-də Vladimir Putin və Donald Tramp Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Danışıqlarda ABŞ Prezidentini Dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkoff, Rusiya liderini isə xarici işlər naziri Sergey Lavrov və Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov müşayiət edib.
Aminə ŞAHSUVARQIZI