Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 28 sentyabr, AZƏRTAC
Lüksemburqda fəaliyyət göstərən Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca çıxış edən assosiasiyanın vitse-prezidenti Sevinc Ömərli şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb.
Assosiasiyanın gənclər və idman məsələləri üzrə vitse-prezidenti İlkin Səmədov çıxış edərək 27 Sentyabr - Anım Gününün Azərbaycan xalqı üçün daşıdığı mənəvi əhəmiyyətə toxunub və Vətən uğrunda həyatını itirənlərin xatirəsinin hər zaman ehtiramla anılacağını bildirib.
Daha sonra çıxış edən Azərbaycanın Belçika Krallığındakı səfirliyinin birinci katibi Emin Rüstəmov 27 Sentyabr tarixinin böyük Zəfərə gedən yolun başlanğıcı olduğunu və müasir tariximizdə xüsusi yer tutduğunu bildirərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət nəticəsində düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunduğunu, 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatları zamanı Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edildiyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın Zəfərinin regionda tarixi ədalətin bərpasına, sülh və sabitliyin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın və dinc əməkdaşlıq mühitinin formalaşdırılması üçün yeni imkanların yaranmasına zəmin yaratdığını vurğulayıb.
Tədbirdə iştirak edən 1-ci Qarabağ müharibəsinin iştirakçısı, 44 günlük Vətən müharibəsinin qazisi Cəlal Ələsgərovun atası Fəxrəddin Ələsgərov çıxış edərək, şəhidlərin və qazilərin xatirəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbir 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Biz” adlı sənədli filmin nümayiş etdirilməsi ilə yekunlaşıb.