Maaş artdıqca, borclar niyə artır? Açıqlama

03.08.2026

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Məvacib artdıqca insanların maliyyə yükünün azalacağı gözlənilsə də, reallıqda bir çox hallarda əks mənzərə yaranır. Gəlir yüksəldikcə xərclər də artır, daha bahalı alış-verişə üstünlük verilir, kredit öhdəlikləri genişlənir və nəticədə borclar da böyüyür. 
Maaş artdıqca borcların da artmasının əsas səbəbləri nələrdir? Bu, daha çox psixoloji davranışla bağlı ola bilərmi?
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Demokrat.az-a açıqlamasında bildirib ki, maaşın artması əksər insanların maliyyə yükünü azaltmalı kimi görünsə də, praktikada bunun əksi ilə də tez-tez rastlaşırıq:

“Bu vəziyyətin əsas səbəbi təkcə iqtisadi amillər deyil, həm də insanın qərarvermə mexanizmi, emosional ehtiyacları və maliyyə davranışları ilə sıx bağlı olan psixoloji proseslərdir. Gəlir artdıqca insanların həyat standartını yüksəltməyə meyli güclənir. Psixologiyada bu hal “həyat tərzinin inflyasiyası” kimi izah olunur. İnsan əvvəlki imkanları ilə kifayətlənmək əvəzinə daha bahalı avtomobil, daha böyük mənzil, daha prestijli geyim və daha yüksək xərcli həyat tərzini normal qəbul etməyə başlayır. Bir müddət sonra isə bu xərclər artıq seçim deyil, zərurət kimi qəbul edilir.
Sosial müqayisə də mühüm rol oynayır. İnsanlar çox vaxt öz maliyyə vəziyyətini obyektiv meyarlarla deyil, ətrafındakı insanların həyat tərzi ilə müqayisə edirlər. Sosial şəbəkələr bu prosesi daha da sürətləndirir. Başqalarının nümayiş etdirdiyi həyat tərzi insanlarda geri qalmamaq hissi yaradır və nəticədə ehtiyacdan çox status nümayiş etdirməyə yönəlmiş xərclər artır.
Digər mühüm amil ani həzz alma ehtiyacıdır. Beynimiz dərhal mükafatlandıran davranışlara meyillidir. Yeni alış-veriş, bahalı telefon və ya istirahət qısa müddətli məmnunluq yaradır. Kredit kartları və istehlak kreditləri isə bu istəyi dərhal reallaşdırmağa imkan verdiyi üçün insanlar gələcək gəlirlərini əvvəlcədən xərcləməyə başlayırlar”.
Psixoloq nəticədə gəlir artsa belə, borc yükü də paralel şəkildə böyüdüyünü qeyd edib:
“Maliyyə savadlılığının zəif olması da bu problemin əsas səbəblərindəndir. Yüksək gəlir hər zaman düzgün maliyyə idarəçiliyi demək deyil. Büdcə planlaşdırmayan, qənaət vərdişi formalaşdırmayan və maliyyə məqsədləri müəyyən etməyən insanlar gəlirləri artsa belə, xərclərini idarə etməkdə çətinlik çəkirlər. Bəzi hallarda emosional vəziyyət də alış-veriş davranışına təsir göstərir. Stress, narahatlıq, yorğunluq və ya özünü mükafatlandırmaq istəyi insanı planlaşdırılmamış xərclərə sövq edə bilir. Belə alış-verişlər problemi həll etmir, sadəcə qısa müddətli emosional rahatlıq yaradır və sonradan borc yükünü artırır.
Araşdırmalar göstərir ki, maliyyə rifahını müəyyən edən əsas amil təkcə gəlirin səviyyəsi deyil, həmin gəlirin necə idarə olunmasıdır. Davamlı maliyyə sabitliyi üçün gəlirlə yanaşı maliyyə intizamı, xərclərə nəzarət, uzunmüddətli planlaşdırma və emosional qərarvermənin idarə olunması böyük əhəmiyyət daşıyır”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью