Maaş və pensiyalar nə qədər artacaq?

02.10.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


2027-ci ildə minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin təxminən 10% artırılması gözlənilir.

İqtisadçı Natiq Cəfərli “Bakupost”a bildirib ki, əvvəlki illərin təcrübəsinə əsasən, çox güman ki, artım orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq kompensasiya ediləcək və indeksləşmə aparılacaq.

Onun sözlərinə görə, artımın orta hesabla 10% civarında olması gözlənilir. Bununla yanaşı, noyabr ayında büdcə müzakirələri zamanı daha yüksək artımın nəzərdə tutulması da mümkündür.

İqtisadçı qeyd edib ki, 10%-lik artım hazırda 6,8% olan rəsmi inflyasiyadan yüksəkdir. Bu baxımdan, artım insanların real gəlirlərinin yüksəlməsinə cüzi də olsa müsbət təsir göstərəcək.

“Amma hər şey veriləcək qərardan asılıdır. İndi gözləmək lazımdır ki, hansı faiz nisbətlərində artım baş verəcək. Ümumilikdə götürdükdə, artımların olması yaxşı xəbərdir. Vətəndaşların da gözləntiləri maaş, pensiya və sosial müavinətlərin artırılması istiqamətindədir”, – deyə Natiq Cəfərli bildirib.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью