Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər.
"Bakupost" xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzrə qiymət artımının proqnozları da nəzərə alınacaq.
Görəsən, minimum əmək haqqının hansı nisbətdə olması daha məqbuldur?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, qəbul olunan son qanuna uyğun olaraq, hər ilin əvvəlində minimum əmək haqqına baxılmalı və əlavələr edilməlidir:
“Yəni məsələ qanunun tələbinə uyğunlaşdırılmalıdır. Minimum əmək haqqının nə qədər artırılacağına gəldikdə, bu, dövlət büdcəsinin verdiyi imkanlar, minimum əmək haqqının sonuncu dəfə artırılmasından sonra, keçən dövr ərzində baş verən inflyasiya nəzərə alınmaqla hesablanacaq. Təcrübədən çıxış etsək, hardasa minimum əmək haqqı ən azı 50 manat artırıla bilər”.
Amma müsahibimizin fikrincə, bu 50 manat, 2025-ci ildə, sonuncu dəfə minimum əmək haqqı artırılandan üzü bəri yaranan inflyasiyanı kompensasiya etmir.
Bu səbəbdən mərkəz sədri minimum əmək haqqının azı 500 manat civarında olmasını daha məqbul hesab etdi:
“Eyni zamanda, Azərbaycan hökumətinin 2001-ci ildə Avropa Əmək Xartiyası qarşısında götürdüyü öhdəliklərə görə, minimum əmək haqqı 2006-cı ilə qədər orta aylıq əmək haqqının 60 faizinə çatdırılmalı idi. Həmin andan 25 il keçməsinə baxmayaraq, Azərbaycan hökuməti hələ də o öhdəliyi yerinə yetirməyib. Hökumət bunu da nəzərə almalıdır”.
Rüfət Sultan,
BakuPost