Maaşlarla bağlı mühüm dəyişiklik ola bilər İldə bir neçə dəfə...

23.01.2026

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 21-də keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Hazırda minimum əməkhaqqının yaşayış xərclərini tam qarşılamadığı barədə fikirlər səsləndirilir.

Bu baxımdan, minimum maaşa ildə ən azı bir dəfə baxılması real vəziyyəti dəyişə biləcəkmi? İl ərzində minimum əməkhaqqının bir neçə dəfə artırılması mümkündürmü?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, təklif edilən dəyişiklik o deməkdir ki, minimum əməkhaqqı artıq formal olaraq uzun müddət toxunulmaz qalmayacaq:

“Dövlət onu ildə ən azı bir dəfə mütləq gündəmə gətirib qiymətləndirməli olacaq. Bu, avtomatik artım demək deyil. Sadəcə olaraq inflyasiya, yaşayış minimumu, əmək bazarındakı vəziyyət və büdcə imkanları nəzərə alınmaqla məbləğin yetərli olub-olmaması rəsmi şəkildə dəyərləndiriləcək. Minimum maaşın kifayət etmədiyi şəraitdə bu mexanizm artım üçün hüquqi və institusional əsas yaradır. Yəni qiymətlərin artdığı, alıcılıq qabiliyyətinin azaldığı dövrlərdə minimum əməkhaqqının uzun müddət dəyişməz qalmasının qarşısı alınmış olur”.

Akif Nəsirli

İqtisadçının fikrincə, qanunda “ildə bir dəfədən az olmayaraq” ifadəsinin işlədilməsi vacib məqamdır:

“Zərurət yaranarsa, məsələn, inflyasiya sürətlə artarsa və ya sosial-iqtisadi şərait kəskin dəyişərsə, il ərzində bir neçə dəfə də artım edilməsi mümkündür. Bunun üçün ayrıca qərar qəbul olunmalıdır. Praktikada isə adətən minimum əməkhaqqına ildə bir dəfə baxılması gözlənilir. Bir neçə dəfə artım daha çox fövqəladə iqtisadi şəraitdə və ya ciddi qiymət artımları zamanı baş verə bilər”.

Qeyd edək ki, hazırda Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manatdır.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью