Macarıstan Aİ nin Ermənistana əlavə hərbi yardımını bloklayır

16.04.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Macarıstan Avropa İttifaqının (Aİ) Ermənistana 10 milyon avro (11 milyon dollar) dəyərində əlavə “qeyri-öldürücü” hərbi yardım ayırmasına blok qoyub. Bu yardım Avropa Sülh Təşəbbüsü (EPF) çərçivəsində ayrılmalıydı.

Gununsesi.info xəbər verir ki, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas ilin əvvəlində bu yardımın ayrılmasını təklif edib. Təsdiqlənməsi üçün ona Aİ-nin 27 üzv ölkəsinin yekdil dəstəyi lazımdır.

Macarıstandan savayı, qalan üzvlər Kallasın təklifini dəstəkləyib. Bunu Brüsseldəki diplomatik mənbə deyib. O əlavə edib ki, Aİ-nin xarici işlər nazirlərinin aprelin 14-də Lüksemburqdakı görüşündə Budapeşt qərara veto qoyub.

“Bugünkü danışıqlardan sonra irəliləyiş əldə olunmayıb”, – mənbə aprelin 15-də AzadlıqRadiosunun erməni xidmətinə söyləyib.

Ermənistan Aİ-dən ötən ilin iyulunda 10 milyon avroluq ilk hərbi yardımı alıb. Həmin vəsait növbəti iki il yarım ərzində bir batalyonluq hərbi hissə üçün səhra hospitalının və yardımçı obyektlərin quraşdırılmasına xərclənməlidir.

Macarıstan həmin vəsaitin ayrılmasını da aylarla bloklayıb, oxşar yardımın Azərbaycana da verilməsini tələb edib. Bakı ilə sıx əlaqələri olan Budapeştin vetonu Aİ-nin Azərbaycanda minaların təmizlənməsini başqa mənbədən maliyyələşdirmək vədi qarşılığında qaldırdığı deyilir.

Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı açıq dəstəkləyib. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər, hələlik, sülh sazişi imzalamayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью