Macarıstan Fransa şirkətindən qaz alacaq

03.10.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Budapeşt, 3 oktyabr, AZƏRTAC

Macarıstanın “MVM CEEnergy” kompaniyası Fransanın “Engie” şirkəti ilə LNG tədarükünə dair müqavilə imzalayıb. Bu sövdələşmə təbii qaz təchizatını diversifikasiya etməyə və Rusiyanın enerji resurslarından asılılığı azaltmağa imkan verəcək.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, sənəddə “MVM CEEnergy” şirkətinin 2028-2038-ci illər arasında Fransadan hər il 400 milyon kubmetr qaz alması nəzərdə tutulur. Macarıstanın illik qaz ehtiyacının təqribən 8 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, ölkənin tələbatının 5 faizini ödəyəcək. Bu sənəd son vaxtlar imzalanan ikinci analoji müqavilədir. Sentyabrda Macarıstan şirkəti “Shell” ilə 2026-cı ildən başlayaraq ildə 200 milyon kubmetr qaz tədarükünə dair müqavilə imzalayıb.

Macarıstanın xarici işlər naziri Peter Siyarto “Engie” ilə müqaviləni şərh edərkən bildirib ki, diversifikasiya “mövcud, yaxşı qurulmuş tədarüklərin dəyişdirilməsi demək deyil”. 2024-cü ildə Macarıstan “Türk axını” boru kəməri ilə təxminən 7,5 milyard kubmetr Rusiya qazı idxal edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью