Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Macarıstanın "MOL Nyrt." şirkəti və "Qazprom neft" Serbiyanın Naftna Industrija Srbije (NIS) neft emalı şirkətindəki Rusiya payının alqı-satqısına dair gələcək müqavilənin əsas müddəalarını razılaşdırıblar.
Qaynarinfo "Balkan Green Energy News” portalına istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, yanvarın 19-da Belqradda Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, Serbiya danışıqlar zamanı öz mövqelərini yaxşılaşdırmağa nail olub və gələcəkdə NIS-dəki payını 5% artıra biləcək.
Bundan əlavə, sazişə "Abu Dhabi National Oil Co." şirkəti də qoşula bilər.
Saziş yekun qərarın qəbul edilməsi üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) göndəriləcək, deyə Handanoviç bildirib.
Bundan əvvəl OFAC NIS səhmdarlarına Rusiya payının satışı ilə bağlı danışıqlar aparmağa imkan verən lisenziyanın müddətini martın 24-dək uzatmışdı.
Handanoviç alış qiymətini və payların bölgüsünü açıqlamayıb.