Icma.az bildirir, Azertag portalına istinadən.
Budapeşt, 6 oktyabr, AZƏRTAC
Macarıstanın dövlət büdcəsində sentyabr ayında kəsirin artımı əvvəlki ilin eyni ayı ilə müqayisədə zəifləyib.
AZƏRTAC xəbər verir ki, Milli İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, sentyabrda büdcənin kəsiri 92,8 milyard forint artıb, halbuki ötən ilin eyni ayında artım 303,2 milyard forint təşkil edib. Bununla belə, cari ilin ilk 9 ayında büdcə kəsiri 5 trilyon 261,9 milyard forintə çatıb və bu, il üzrə 7 trilyon 110 milyard forintlik hədəfin 72 faizinə bərabərdir.
Məlumata görə, avqustda Avropa İttifaqı fondlarının əvvəlcədən maliyyələşdirilməsi üçün 2 trilyon 186,9 milyard forint ayrılması göstəriciyə təsir edib. Bu halda kəsir 3 trilyon 75 milyard forint olacaq və illik müqayisədə 253,7 milyard forint azalacaqdı. Sentyabrda nazirliklərin idarə etdiyi büdcə xərcləri 61 faiz azalıb. Doqquz ayda faiz xərcləri 726 milyard forint aşağı düşüb, lakin pensiya ödənişləri 11 faiz, səhiyyə xərcləri 3,2 faiz artıb. Gəlirlər 3,4 faiz artdığı halda, xərclər 9 faiz yüksəlib. Avropa Mərkəzi Bankının məlumatına görə, bir avro təxminən 367,80 forintdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt