Macarıstanda kənd yerlərinin inkişafı üçün yeni dövlət proqramı başlayıb

09.09.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Budapeşt, 9 sentyabr, AZƏRTAC

Macarıstanın Baş naziri Peter Macyar ölkənin parlamentində "Müqəddəs İştvan" kənd təsərrüfatının inkişafı proqramının başladığını elan edib.

AZƏRTAC xəbər verir ki, pilot mərhələdə proqram 10 kənd mikroregionunu, təxminən 100 yaşayış məntəqəsini və 100 minədək sakini əhatə edəcək.

Hökumətin məlumatına görə, ərazilər əhalinin adambaşına gəliri və mürəkkəb inkişaf indeksi kimi göstəricilər əsasında seçilib. Proqram çərçivəsində hər 10 yaşayış məntəqəsi qrupu üçün ildə 1 milyard forint həcmində icma inkişafı fondu ayrılacaq. Bununla belə, hökumət vurğulayır ki, təşəbbüsün əsas prinsipi vəsaitin necə xərclənəcəyinə dair qərarların yerli səviyyədə qəbul edilməsidir.

P.Macyar bildirib ki, gənclərin kənd yerlərində qalması üçün iş yerləri, uşaq bağçaları və keyfiyyətli infrastrukturun mövcudluğu vacibdir.

Baş nazir əlavə edib ki, layihənin məqsədi kənd yerlərini yaşamaq, işləmək və ailə qurmaq üçün daha cəlbedici məkanlara çevirməkdir. Pilot layihənin nəticələri müsbət olarsa, proqram 2027-ci il avqustun 20-dən sonra bütün ölkəni əhatə edərək 2174 yaşayış məntəqəsini və 1,85 milyon sakini əhatə edə bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью