Macarıstanda pərakəndə ticarət iştirakçıları hökumətin inflyasiya əleyhinə tədbirlərini tənqid ediblər

05.06.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Budapeşt, 5 iyun, AZƏRTAC

Macarıstan Pərakəndə Satıcılar Assosiasiyası hökumətə əsas ərzaq məhsullarının bir sıra növləri üzrə tətbiq olunan qiymət artımı məhdudiyyətlərinin mərhələli şəkildə aradan qaldırılmasını tövsiyə edib. Assosiasiya qeyd edib ki, bu tədbirin qeyri-ərzaq məhsullarına şamil olunması isə tamamilə əsassızdır.

Bu barədə AZƏRTAC Macarıstanın MTI informasiya agentliyinə istinadla xəbər verir.

Assosiasiya bildirib ki, qiymət artımı məhdudiyyətlərinin inflyasiyaya təsiri yalnız qısamüddətli xarakter daşıyır. Mütəxəssislər bu tədbirin iqtisadiyyata “qarşısıalınmaz ziyan” vura biləcəyi barədə xəbərdarlıq edərək pərakəndə ticarət sektorunun fəaliyyətini risk altına ata biləcəyini bildiriblər. Onların fikrincə, qiymət artımına qoyulmuş limitlərin ilkin mərhələli imtina tarixindən sonra uzadılması və tədbirin qeyri-ərzaq məhsullarına da şamil olunması “bazar məntiqinə ziddir”.

Assosiasiya daha sonra qeyd edib ki, əsasən transmilli korporasiyalar tərəfindən istehsal olunan ev təsərrüfatı malları istehlak səbətinin cəmi 2–3 faizini təşkil edir və son bir ildə onların qiymətində artım minimal olub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью