Macarıstanda prezident postuna məşhur şahmatçı gətirilir

20.07.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


Macarıstanın Baş naziri Peter Magyar şahmat tarixinin ən uğurlu simalarından biri olan Judit Polqarın ölkənin yeni prezidenti olmasını dəstəklədiyini açıqlayıb.

“Bakupost” xəbər verir ki, Magyar sosial media hesabında Macarıstana birlik, sülh və bütün vətəndaşların qürur duyacağı bir prezident lazım olduğunu bildirib.

Baş nazir prezident vəzifəsinin adi iş deyil, “ən yüksək səviyyəli ictimai xidmət” olduğunu vurğulayıb. O, Polqarın bu vəzifəyə uyğun namizəd olduğunu və onunla görüşərək prezident olmağa hazır olub-olmadığını müzakirə edəcəyini qeyd edib.

Magyar bildirib ki, Polqarın nüfuzu uzun illər ərzində qazandığı uğurlara əsaslanır. O, şahmatçının 26 il qadınlar üzrə dünya reytinqində lider olduğunu, həmçinin ümumi dünya reytinqində ilk 10-luqda yer alan yeganə qadın oyunçu olduğunu xatırladıb.

Qeyd edək ki, Macarıstan parlamenti prezident Tamaş Şuyokun səlahiyyət müddətini başa çatdıran konstitusiya dəyişikliklərini qəbul edib. Dəyişikliklərin qüvvəyə minməsindən sonra parlamentin 30 gün ərzində yeni prezidenti seçməsi gözlənilir.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью