Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən “Avropada Təhsil” sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, iki ölkə arasında akademik və mədəni əməkdaşlığın səviyyəsini göstərir.
Diplomat qeyd edib ki, Macarıstan universitetlərində azərbaycanlı tələbələr əsasən mühəndislik, biznes və informasiya texnologiyaları kimi ixtisaslar üzrə təhsil alırlar. Macarıstan ali məktəbləri ingilis dilində yüksək keyfiyyətli təhsil proqramları, müasir tədqiqat imkanları və beynəlxalq səviyyədə tanınan diplomlar təqdim edir.
Tamaş Torma Azərbaycan və Macarıstan universitetləri arasında əməkdaşlığın xüsusilə kənd təsərrüfatı və əczaçılıq sahələrində inkişaf etdiyini bildirib. O, Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti, həmçinin Pécs Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığı qeyd edib.
Səfir həmçinin bildirib ki, Azərbaycan Dillər Universitetində macar dili üzrə tədris həyata keçirilir və bu əməkdaşlıq tələbələrin qarşılıqlı şəkildə digər ölkənin dil və mədəniyyətini öyrənməsinə imkan yaradır.
Diplomatın sözlərinə görə, Bakı ilə Budapeşt arasında həftədə 4 birbaşa aviareys həyata keçirilir. O, bunun da iki ölkə arasında əlaqələrin inkişafına və azərbaycanlı tələbələrin Macarıstanda təhsil almasına imkan yaradan amillərdən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, “Avropada Təhsil” sərgisində Macarıstanın 7 universiteti iştirak edir.