Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan icması ilə görüşüb.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Esmira Cəfərova çıxışında xaricdə yaşayan azərbaycanlıların vahid məqsəd və milli həmrəylik ətrafında birləşməsinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha dolğun və effektiv şəkildə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb. Səfir Macarıstanda yaşayan soydaşlarımızın ölkəmizin zəngin milli-mədəni irsinin, adət-ənənələrinin və mənəvi dəyərlərinin tanıdılması istiqamətində gördüyü fəaliyyəti yüksək qiymətləndirərək, onların Azərbaycanın müsbət imicinin formalaşmasına verdiyi töhfələri xüsusi qeyd edib.
Daha sonra Budapeşt Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli hesabatla çıxış edib. Azərbaycan Evinin həm Azərbaycan icması daxilində həmrəyliyin gücləndirilməsi, həm də yerli cəmiyyətlə əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətlər barədə ətraflı məlumat verib. Perspektiv layihələrdən, strateji hədəflərdən bəhs edib. O, Azərbaycan Evinin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti dünya azərbaycanlılarının daha sıx birləşməsinə, şəbəkələşməsinə və milli maraqlar ətrafında həmrəyliyinin güclənməsinə mühüm töhfə verir,” – bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı səsləndirib. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin, ölkəmizin nailiyyətlərinin, işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparıldığının beynəlxalq ictimaiyyətə çatdırılmasında xüsusi rol oynadığını bildirib. Komitə sədri, həmçinin, komitənin həyata keçirdiyi layihələr və əldə olunan nəticələr barədə danışıb.
Sonda icma üzvlərinin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, təklif və təşəbbüslər müzakirə edilib.