Macarıstanın xalis sıfır emissiya hədəfi 48 milyard avroya başa gələ bilər

18.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Budapeşt, 18 noyabr, AZƏRTAC

Macarıstanın 2050-ci ilədək xalis sıfır emissiya hədəfinə çatması ölkəyə böyük maliyyə xərci tələb edə bilər.

AZƏRTAC xəbər verir ki, “NetZeroCostBenefit” saytında dərc olunan hesablamalara görə, bu hədəfə çatmaq 2027-2100-cü illər ərzində təxminən 17,6 trilyon forint (təxminən 48,28 milyard avro) başa gələcək, iqlim ilə bağlı əldə ediləcək fayda isə cəmi 2,5 trilyon forint (6,86 milyard avro) təşkil edəcək. Hər 100 forint xərcə qarşı yalnız 14 forint fayda əldə edilməsi gözlənilir.

Hesablamalar beynəlxalq iqlim və iqtisadi modellərə əsaslanır, lakin nəticələr saytın müəllifinin seçdiyi ssenarilərdən asılıdır. 2045-ci ildə illik xərc 1,79 trilyon forinta (4,91 milyard avro) çatacaq. Təhlilə görə, Macarıstan tək başına xalis sıfıra nail olsa, 2100-cü ildə qlobal temperatur cəmi 0,000346 dərəcə Selsi aşağı olacaq. Müəllif qlobal səviyyədə də 2050-ci ilə qədər xalis sıfır hədəfinin 255 trilyon dollara başa gələcəyini, qarşısı alınan zərərin isə təxminən 24 trilyon dollar olacağını hesablayır.

Rəqəmlər Macarıstan hökumətinin rəsmi qiymətləndirməsi deyil, yalnız seçilmiş modelləşdirmə ssenarilərinə əsaslanan təhlildir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью