Madaqaskarın son kraliçası: itirilmiş müstəqillik KONKRET

30.11.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Madaqaskar dedikdə ilk növbədə lemurlar, nəhəng baobab ağacları və dünyanın başqa heç bir yerində rast gəlinməyən zəngin təbiət yada düşür. Lakin bu ecazkar adanın tarixi yalnız təbiət möcüzələrindən ibarət deyil. XIX əsrin sonlarında Madaqaskar xalqı ölkəsinin müstəqilliyini qorumaq uğrunda ağır mübarizə aparırdı. Bu mübarizənin mərkəzində isə Madaqaskar Krallığının sonuncu hökmdarı, kraliça III Ranavalona dayanırdı.

1883-cü ildə Fransa Madaqaskar Krallığına qarşı hərbi əməliyyatlara başladı. Fransız hərbi gəmiləri adanın sahil şəhərlərini bombalayaraq bir sıra əraziləri ələ keçirdi. Lakin Madaqaskar hakimiyyəti Fransanın ölkə üzərində suverenlik iddialarını qəbul etməkdən və müstəqillikdən imtina etməkdən boyun qaçırdı.

Məhz belə mürəkkəb siyasi şəraitdə III Ranavalona taxta çıxdı. Onun hakimiyyəti ölkənin müstəqilliyinin qorunması uğrunda mübarizənin ən dramatik dövrlərindən birinə təsadüf etdi.

Birinci Fransa-Madaqaskar müharibəsi 1885-ci ildə müqavilənin imzalanması ilə başa çatdı. Sənədə əsasən, Fransa krallığın xarici siyasətinə ciddi təsir imkanları əldə etdi. Lakin müqavilənin şərtləri tərəflər tərəfindən fərqli şəkildə şərh olunurdu. Madaqaskar Fransa protektoratının faktiki şəkildə qurulmasına müqavimət göstərməkdə davam edir, öz siyasi müstəqilliyini qorumağa çalışırdı.

***

On il sonra Fransa adaya yeni hərbi ekspedisiya göndərdi. 1895-ci ildə fransız qoşunları artıq Madaqaskarın paytaxtı Antananarivoya doğru irəliləyirdi. Maraqlıdır ki, bu yürüş zamanı fransız ordusunun qarşılaşdığı ən böyük təhlükələrdən biri Madaqaskar ordusu deyil, tropik iqlim və xəstəliklər oldu. Minlərlə fransız əsgəri malyariya, dizenteriya və digər yoluxucu xəstəliklər səbəbindən həyatını itirdi.

Lakin bu itkilər Fransanın hərbi planlarını dayandıra bilmədi. 1895-ci ilin sentyabrında fransız qoşunları Antananarivonu mühasirəyə aldı. Paytaxt artilleriya atəşinə tutulduqdan sonra III Ranavalona təslim olmağa və Fransa protektoratını qəbul etməyə məcbur oldu.

Ancaq bu, Madaqaskarın müstəqilliyinin sonu demək idi. 1896-cı ildə Fransa adanı rəsmi şəkildə ilhaq etdi, 1897-ci ildə isə Madaqaskar monarxiyası ləğv olundu. Beləliklə, əsrlər boyu mövcud olmuş müstəqil Madaqaskar Krallığının tarixinə son qoyuldu. III Ranavalona hakimiyyətdən uzaqlaşdırıldı və sonradan sürgünə göndərildi.

Bununla belə, Madaqaskar xalqının müqaviməti bitmədi. 1895–1897-ci illərdə müstəmləkə hakimiyyətinə qarşı Menalamba üsyanı geniş vüsət aldı. Yerli əhali Fransa idarəçiliyinə qarşı silahlı mübarizəni davam etdirərək azadlıq və müstəqillik ideyasından imtina etmədiyini nümayiş etdirdi.

Beləliklə, Madaqaskar yalnız lemurların, baobabların və möhtəşəm təbiət mənzərələrinin adası deyil. Bu torpağın cənnəti xatırladan mənzərələrinin arxasında müstəqilliyini qorumağa çalışan bir xalqın faciəli taleyi, sonuncu kraliçanın mübarizəsi və müstəmləkəçiliyə qarşı müqavimətin qanlı tarixi dayanır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью