Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Müasir əmək bazarının tələbləri rəqəmsal iqtisadiyyatın formalaşması fonunda sürətlə dəyişir və bu dəyişikliklər magistr dərəcəsinə malik mütəxəssislərin iş tapma imkanlarına müxtəlif sahələr üzrə fərqli təsir göstərir. Artıq magistr diplomu yalnız ali təhsilin davamı deyil, eyni zamanda dərin ixtisaslaşmanın və peşəkar hazırlığın göstəricisi kimi çıxış edir”. Bu sözləri SİA -ya açıqlamasında Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, bu da əmək bazarında həmin şəxslərə rəqabət üstünlüyü qazandırır və vakansiyalar üzrə seçim prosesində onları ön sıralara çıxarır:
“Karyera inkişafı və vəzifə yüksəlişi baxımından da magistr dərəcəsi mühüm rol oynayır. Bir çox qurum və təşkilatlarda rəhbər və orta menecment vəzifələrinə təyinat zamanı magistr təhsili üstünlük meyarı kimi nəzərə alınır. Eyni zamanda, əməkhaqqı baxımından magistr dərəcəsinə malik şəxslərin orta aylıq gəlirləri bakalavr məzunları ilə müqayisədə daha yüksəkdir. Bu tendensiya həm qlobal əmək bazarı trendləri, həm də statistik göstəricilər tərəfindən təsdiqlənir.
Əsas suallardan biri magistr diplomunun daha çox hansı sahələrdə tələb olunması ilə bağlıdır. Xüsusilə akademik və elmi sahələrdə bu tələb yüksəkdir. Universitetlərdə və elmi-tədqiqat müəssisələrində pedaqoji və elmi fəaliyyət göstərmək üçün magistr dərəcəsi minimum şərt hesab olunur. Bakalavr dərəcəsinə malik şəxslərin ali təhsil müəssisələrində dərs demək və ya elmi tədqiqat aparmaq imkanları məhduddur.
Dövlət qulluğu, maliyyə və iqtisadiyyat sahələrində də magistr təhsili əhəmiyyətli rol oynayır. Bu sahələrdə analitik düşüncə, strateji yanaşma və ixtisaslaşmış biliklər tələb olunduğundan magistr hazırlığı üstünlük kimi qiymətləndirilir. Tibb sahəsində isə dar ixtisaslaşma istiqamətləri üzrə magistratura ilə yanaşı, xüsusilə rezidentura təhsili zəruri hesab olunur və bu sahədə bakalavr pilləsi kifayət etmir.
Rəqəmsallaşma ilə sıx bağlı olan bir sıra sahələrdə də magistr dərəcəsi peşəkarlığın artırılmasının göstəricisi kimi qəbul edilir. Bu, mütəxəssisin yalnız əsas biliklərə deyil, həm də dərin nəzəri və tətbiqi hazırlığa malik olduğunu göstərir.
Mühəndislik sahəsində isə magistr təhsili xüsusilə fənlərarası yanaşma, kompleks problemlərin həlli və elmi-texniki innovasiyaların tətbiqi baxımından böyük əhəmiyyət daşıyır.
Bununla yanaşı, bəzi sahələr mövcuddur ki, burada magistr diplomu ikinci planda qala bilər. İT, proqramlaşdırma və texnologiya yönümlü sahələrdə əsas üstünlük praktiki bacarıqlara, real layihə təcrübəsinə və texniki səriştəyə verilir.
Yaradıcı sahələrdə – qrafik dizayn, montaj, vizual sənətlər və oxşar istiqamətlərdə isə əsas meyar şəxsin portfeli, yaradıcılıq bacarığı və fərdi potensialıdır.
Müştəri xidmətləri sahəsində də magistr diplomu həlledici rol oynamır; burada əsas üstünlük yumşaq bacarıqlara, ünsiyyət qurmaq və problem həll etmək qabiliyyətinə verilir.
Dar ixtisaslaşma və analitik hazırlıq tələb edən sahələrdə magistr dərəcəsi mühüm və bəzən zəruri amildir, digər sahələrdə isə o, əlavə üstünlük kimi çıxış edir. Bu baxımdan magistr təhsili əmək bazarında mövqeyini gücləndirmək istəyən şəxslər üçün strateji seçim hesab edilə bilər”.