Magistrallarda gizli təhlükə: Gecə sürücülər yolu necə görsün?

23.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Magistral yollarda və şəhərdaxili küçələrdə yol xətlərinin gecə saatlarında görünməməsi sürücülər üçün ciddi təhlükə yaradır. Xüsusilə yağışlı və dumanlı havalarda asfalt üzərindəki nişanlanmaların seçilməməsi qəza riskini artırır. Bu problemin aradan qaldırılması üçün magistral yollara işıqqaytarıcı boyaların vurulması təklif olunur.

Deputat Müşfiq Cəfərovun gündəmə gətirdiyi təklifə əsasən, xüsusi boyalar vasitəsilə yol xətlərinin gecə və əlverişsiz hava şəraitində daha aydın görünməsi təmin edilə bilər.

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən nəqliyyat eksperti, avtobloger Raqif Raufoğlu bildirib ki, bu, bizim çoxdankı problemimizdir: Bakıda online alış-veriş

“İllərdir bu məsələni gündəmə gətiririk və yalnız son bir-iki ildə müəyyən irəliləyişə nail olmuşuq. Amma təbii ki, bu, hələ də istədiyimiz standartlara cavab vermir. Hətta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə keçirdiyimiz görüşlərdə də bu məsələni qaldırmışıq. Əsas odur ki, artıq aidiyyəti qurumlar problemin fərqindədirlər.

Əvvəllər vəziyyət o qədər bərbad idi ki, yol nişanlanmasında istifadə olunan boyaların üzərində təkərlər sürüşürdü. Bunu xüsusilə motosiklet sürücüləri daha tez hiss edirlər. Onlar dəfələrlə bizə müraciət edərək bildirirdilər ki, normal hərəkət etdikləri halda piyada zolaqlarından və ya digər yol nişanlanma xətlərindən keçərkən motosiklet sürüşür. Məsələn, adi piyada keçidində, yəni “zebra” xətlərinin üzərindən keçəndə belə təhlükə yaranırdı.

Biz bu məsələni araşdırıb gündəmə gətirəndə məlum oldu ki, ölkəmizdə istifadə olunan boyalar beynəlxalq standartlara cavab vermir. İndi müəyyən qədər irəliləyiş var. Çünki bu, əlavə maliyyə vəsaiti tələb edən məsələdir. Aidiyyəti qurumlar da bildirirlər ki, beynəlxalq standartlara cavab verən boyaların istifadəsi üçün daha böyük büdcə lazımdır. Buna görə də hələlik orta bir variant seçilib. Amma əslində, yol nişanlanmasında istifadə olunan boyalar mütləq işıq əks etdirmə xüsusiyyətinə malik olmalıdır. Bu, sadəcə əlavə rahatlıq deyil, zəruri təhlükəsizlik tələbidir”.

R.Raufoğlu qeyd edib ki, xüsusilə magistral yollarda və qəza riskinin yüksək olduğu ərazilərdə bu cür nişanlanmaların olması vacibdir:

“Müasir avtomobillərin bir çoxunda zolaqları tanıma funksiyası var. Avtomobil yol nişanlanma xətlərini görə bilmədikdə qəza riski artır. Sürücü də bu sistemlərə həddindən artıq güvənməməlidir. Çünki zaman keçdikcə avtomobilin bütün vəziyyətləri özü idarə edəcəyinə öyrəşir və diqqəti zəifləyə bilər.

Bundan başqa, keyfiyyətli yol nişanlanma xətləri sürücüyə səs vasitəsilə də xəbərdarlıq edir. Məsələn, sürücü ötmə əməliyyatı apararkən və ya zolağı dəyişərkən təkərlər nişanlanma xəttinin üzərindən keçirsə, spesifik səs yaranır. Bu, sürücünün zolaqdan çıxdığını hiss etməsinə kömək edir. Bakıda bunun nümunəsini Böyükşor-Pirşağı yolunda, Pirşağı istiqamətinə dönən hissədə görmək mümkündür. Həmin ərazidə zolaq dəyişərkən təkərlərdən gələn səs sürücüyə nişanlanma xəttinin üzərindən keçdiyini hiss etdirir.

Belə sistemlər xüsusilə görmə məsafəsinin məhdud olduğu, kəskin döngələrin və sürətli hərəkətin mövcud olduğu yollarda çox vacibdir. Təəssüf ki, hazırda bu cür nişanlanmalara çox az ərazidə rast gəlinir. Ona görə də ən azı magistral yollarda, tez-tez qəzaların baş verdiyi ərazilərdə və təhlükəli döngələrdə tətbiq olunmalıdır”.

Ekspert eyni yanaşmanın işıq əks etdirən elementlərə də aid olduğunu deyib:

“Bütün magistral yolları işıqlandırmaq mümkün olmaya bilər və dünyada da hər yolda belə təcrübə yoxdur. Lakin bunun alternativ həlli mövcuddur. İşıq əks etdirən elementlər və keyfiyyətli yol nişanlanma xətləri sürücüyə yolun sərhədlərini daha aydın görməyə imkan verir. Xüsusilə sağ və sol döngələrdə bu, böyük əhəmiyyət daşıyır.

Hazırda reallıq ondan ibarətdir ki, ölkəmizdə istifadə olunan yol boyaları əvvəlki ilə müqayisədə bir qədər yaxşılaşıb, amma hələ də beynəlxalq standartlara tam cavab vermir”.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью