Magistralların yükünü azaldacağı deyilən Sulutəpə Sabunçu yolu: “Yeni yolun necə çəkiləcəyi çox vacibdir”

28.01.2026

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Növbəti illərdə həyata keçiriləcək yol layihələrindən biri Sulutəpə və Sabunçu qəsəbələrini birləşdirən yolun tikintisidir. Bu, “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan layihələrdən biridir.

Güman edilir ki, bu yolun istifadəyə verilməsilə paytaxtın əsas magistrallarının yükü əhəmiyyətli dərəcədə azalacaq.

Sulutəpə-Sabunçu yolunun konkret hansı ərazilərdən keçəcəyi dəqiq açıqlanmayıb. Lakin ehtimal olunur ki, yol Balaxanı qəsəbəsi, Böyükşor gölü adlanan ərazilərdən də keçəcək.

Nəqliyyat məsələləri üzrə mütəxəssis Sahib Quliyev Bizimyol.info xəbər portalına mövzunu şərh edərkən bildirib ki, paytaxtın əsas magistrallarında xüsusən pik saatlardakı sıxlığın əsas səbəbi nəqliyyat axınının düzgün paylanmaması ilə bağlıdır. Onun sözlərinə görə, bu da alternativ yolların azlığından irəli gəlir: “Alternativ marşrutların olmamasına görə bütün nəqliyyat vasitələri şəhərdaxili yollara yönlənmək məcburiyyətində qalır. Bu mənada, Sulutəpə və Sabunçu qəsəbələrini birləşdirəcək yeni layihə alternativ yol hesab oluna bilər”.

Ekspert bildirir ki, istənilən alternativ yol şəhərdaxili yolların yükünə az da olsa, təsir göstərir. Ona görə də hesab edir ki, yeni yol “Binə”, “Sədərək” Ticarət Mərkəzində çalışan, lakin Sabunçu, Zabrat, Balaxanı qəsəbələri istiqamətində yaşayan, oradan hər gün işə gedib-gələn insanların işini də asanlaşdıracaq: “Əvvəllər avtomobillər gəlib, “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyasına istiqamətində gedirdilər. Oradan da Bakıətrafı qəsəbələrə paylanırdı. Bu baxımdan, “Şamaxinka”, “20 Yanvar”, Ziya Bünyadov prospekti, “Koroğlu” kimi ərazilərə mütləq təsir göstərəcək layihədir”.

Sahib Quliyev əlavə edib ki, yeni yolun necə çəkilməsi də çox vacibdir. Mütəxəssis qeyd edib ki, yol mütləq geniş çəkilməlidir: “Əgər ensiz, keyfiyyətsiz yol çəkiləcəksə, Sulutəpə dairəsində yeni bir xaos yaranacaqsa, o halda, özü ilə əlavə problemlər gətirəcək”.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью