Magistratura yerləri dolmayacaq Pessimist AÇIQLAMA

31.01.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ümumilikdə 23 min abituriyentin magistratura imtahanına ilk cəhd üçün qeydiyyatdan keçməsi yüksək göstərici sayıla bilməz. Çünki ötən il plan yerlərinin sayı təxminən 17 min olub. Bu kontekstdə 23 min nəfərin müsabiqədə iştirakı real rəqabət baxımından çoxluq ifadə etmir.

Bu sözləri Modern.az-a açıqlamasında təhsil sahələri üzrə ekspert Ramin Nurəliyev bildirib.

Ekspert qeyd edib ki, magistratura imtahanında iştirak edəcək 23 min nəfərin təxminən 30–40 faizi müsabiqə şərtlərini, yəni mövcud keçid balını ödəməyə bilər. Bu halda müsabiqəyə buraxılanların real sayının təxminən 15 min nəfər ətrafında olacağı ehtimal edilir. Onun sözlərinə görə, bu rəqəm belə optimist yanaşmadır və real göstərici daha da aşağı ola bilər.

“Belə olan halda 15 min bakalavrın magistratura müsabiqəsinə buraxılması plan yerlərinin sayından az deməkdir. Bu isə o anlama gəlir ki, keçən il olduğu kimi, bu il də plan yerlərinin tam dolmaması riski qalacaq. Bu səbəbdən Dövlət İmtahan Mərkəzi (DİM) magistratura qəbul imtahanında sualların çətinlik səviyyəsini elə tənzimləməlidir ki, ən azı 17 min plan yerinə uyğun olaraq 20 minə yaxın bakalavr müsabiqə mərhələsinə buraxılsın və seçim prosesi real rəqabət şəraitində baş versin”, – deyə R.Nuraliyev vurğulayıb.

Onun sözlərinə görə, plan yerlərindən az sayda bakalavrın müsabiqəyə buraxılması ciddi problem, hətta sistem böhranı deməkdir. Ekspert əlavə edib ki, ali təhsil müəssisələrini bitirən gənclərin magistraturaya marağının azalması da ayrıca narahatedici tendensiyadır:

“Əvvəlki illərdə hər il minimum 50–60 min bakalavrın magistraturaya müraciət etməsi gözlənilən idi. Təəssüf ki, bu göstərici ildən-ilə azalır. Bu isə gənclər arasında magistraturaya marağın aşağı olduğunu göstərir”.

R.Nuraliyev bildirib ki, əsas məsələ bu marağın necə artırılmasıdır və bunun üçün magistratura imtahanının formatında, xüsusilə Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən dəyişikliklərə ehtiyac var:

“Humanitar ixtisasları bitirən məzunlar hazırkı imtahan formatından ciddi şəkildə narazıdırlar və bu səbəbdən magistraturaya sənəd verməkdən imtina edirlər. Tarix, coğrafiya, filologiya, turizm kimi ixtisasları bitirmiş bakalavrların riyaziyyat, məntiq, informatika və xarici dildən imtahan verməsi onlarda psixoloji baryer yaradır. Bu da magistratura imtahanında iştirakdan imtinalara səbəb olur”.

Ekspertin sözlərinə görə, problem yalnız imtahan formatı ilə məhdudlaşmır. Digər əsas məsələ magistratura dərəcəsinin əmək bazarında real dəyərinin olmamasıdır:

“İstər dövlət, istərsə də özəl sektorda magistr dərəcəsi əməkhaqqında və vəzifə imkanlarında ciddi üstünlük yaratmır. Magistraturanı bitirən şəxs bu dərəcənin ona konkret fayda verdiyini hiss etmir. Gənc haqlı olaraq özünə sual verir: "‘Mən magistraturaya niyə getməliyəm?" Əgər akademik karyera və ya ali məktəbdə müəllimlik planı yoxdursa, magistratura ona hansı real üstünlüyü qazandırır?”

R.Nuraliyev hesab edir ki, əgər magistr dərəcəsi olan şəxslərə əməkhaqqında əlavə üstünlüklər verilsə, dövlət qurumlarında vəzifə təyinatlarında magistratura əsas meyarlardan biri kimi götürülsə, bu, magistraturaya olan münasibəti köklü şəkildə dəyişə bilər:

“Məsələn, məktəb direktorları və direktor müavinləri əsasən magistr dərəcəsi olan şəxslər arasından seçilsə, bu, magistraturaya verilən dəyəri ön plana çıxarar və gənclərin marağını artıra bilər”.

Ekspert vurğulayıb ki, hazırda həm qəbul imtahanının formatındakı problemlər, həm də magistr dərəcəsinə verilən real dəyərin aşağı olması magistraturaya müraciətlərin kəskin azalmasına səbəb olur:

“Hər il ali təhsil müəssisələrini 50 mindən çox bakalavr bitirir. Əvvəlki illərin məzunlarını da nəzərə alsaq, potensial müraciətçi sayı 70–80 min olmalıdır. Halbuki bu gün real rəqəm cəmi 23 mindir. Bu, son dərəcə aşağı göstəricidir və magistratura səviyyəsində ciddi sistem problemlərinin mövcud olduğunu göstərir. Məsələ ilə bağlı müvafiq qurumlar mütləq şəkildə ölçü götürməli, həm imtahan mexanizmi, həm də magistr dərəcəsinin ictimai və iqtisadi dəyəri yenidən nəzərdən keçirilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью