Makiyaj etdirərkən buna DİQQƏT EDİN!

23.10.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vizajistlərin gözlərin ağ hissəsini daha ağ göstərmək üçün istifadə etdikləri damcılardan mütəmadi olaraq kosmetik məqsədlə istifadə etmək sağlamlıq üçün risk yarada bilər. Bu vasitələr gözlərdəki qızartını müvəqqəti azaltsa da, problemin səbəbini aradan qaldırmır. Əksinə, tez-tez istifadə edildikdə qıcıqlanma və digər əlavə təsirlərə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya Moskvanın 3Z klinikasının oftalmoloqu Aygül Otxo­zoriya məlumat verib.

Həkimin sözlərinə görə, bu damcılar dekorativ kosmetika və ya adi nəmləndirici vasitələr deyil. Onların tərkibində qan damarlarını daraldan maddə var. Bu səbəbdən gözlərin qızartısı müəyyən müddət ərzində azalır, lakin təsir başa çatdıqdan sonra qızartı yenidən yarana bilər.

Mütəxəssis bildirib ki, preparatların əks göstərişləri və yan təsirləri var. Onlardan istifadə bəzi hallarda görmənin bulanıqlaşmasına, allergik reaksiyalara, gözlərdə qıcıqlanmaya və gözdaxili təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Həkim qeyd edib ki, bu damcıların istifadəsi qapalı bucaqlı qlaukoma, quru göz sindromu, mədə və onikibarmaq bağırsağın stenozlaşdırıcı xorası, bronxial astma və epilepsiya kimi xəstəlikləri olan şəxslər üçün uyğun olmaya bilər.

Oftalmoloq gözlərdə mütəmadi qızartı müşahidə edən şəxslərə problemin səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etməyi tövsiyə edib. Onun sözlərinə görə, qızartı quru göz sindromu, allergiya, iltihab, kontakt linzalara reaksiya və ya uzunmüddətli görmə gərginliyi ilə əlaqəli ola bilər. Müalicə üsulu isə problemin səbəbindən asılı olaraq seçilməlidir.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью