Makler kitabxanaçılar

05.10.2026

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Kitabxanaların maklerlərdən, alverçilərdən azad olunmasının zamanı gəlib
Ötən yazılarımızdan birində Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə bağlı olan kitabxana sistemində mövcud vəziyyət, kitabxanaların səmərəli və ya qeyri-səmərəli fəaliyyəti, bir sıra kitabxanaların bağlanma zərurəti barədə oxucularımızla maraqlı bir məqalə bölüşmüşdük. Məsələnin aktuallığı və geniş oxucu kütləsinin marağına səbəb olduğunu nəzərə alaraq daha bir neçə kitabxana sistemi ilə bağlı apardığımız müşahidələrin nəticələrini sizlərlə bölüşməyi özümüzə borc bildik.

Öncəliklə onu qeyd etmək lazımdır ki, səmərəsiz fəaliyyət göstərən, yalnız günü yola verməklə məşğul olan kitabxanalarla yanaşı, öz işinin peşəkarı olan, ortaya keyfiyyətli və nəticəyə dayanan fəaliyyət qoyan, ən əsası oxucu kütləsi toplamağı bacaran kitabxanalar da kifayət qədərdir. Apardığımız qısa müşahidələr bu mənzərəni ortaya çıxarıb. Məsələn, Binəqədi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (Binəqədi mks) fəaliyyətini səmərəli, günün tələblərinə uyğun, ən əsası oxucuların istək və arzularına müvafiq qurduğunu əminliklə deyə bilərik. Belə ki, Binəqədi mks nəinki təqvimdə olan əlamətdar günləri geniş anşlaqla, maraqlı diskussiyalar və görüşlərlə qeyd edir, eyni zamanda oxucu kütləsini artırmaq, kitaba olan marağı formalaşdırmaq istiqamətində uğurlu layihələr həyata keçirir. Bu sıraya “Mənim ilk kitabım”, “Mütaliə marafonu” layihələrini aid etmək olar. Qeyd edək ki, Bakı şəhər Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının “Mütaliə marafonu” layihəsi çərçivəsində Uşaq şöbəsinin fəal oxucusu müntəzəm olaraq mütaliə etdiyi kitablar haqqında məlumat verir, kitab haqqında öz fikir və düşüncələrini bölüşür.

"Mütaliə marafonu"nun həyata keçirilməsində məqsəd oxucuların kitabxanaya cəlb olunması, kiçikyaşlı və məktəbli oxucular arasında mütaliə vərdişlərinin artırılması və müxtəlif uşaq ədəbiyyatları ilə tanışlıq təşkil edir. Kifayət qədər uğurlu olan bu layihə kitabxana sisteminin oxucuları tərəfindən də dəstək qazanıb və layihənin həyata keçirildiyi müddət ərzində kitabxanaya mütaliə üçün gələnlərin sayının ciddi şəkildə artdığı müəyyənləşib. Görünən odur ki, ortaya səmərəli iş, kreativ ideyalar qoyulanda oxucu kütləsi də toplamaq olur, istənilən nəticəyə nail olmaq da asanlaşır. Nəticə etibarilə “ölkədə kitab oxuyan yoxdur” yalnış anlaşılması aradan qalxmış olur. Əsas odur ki, sən kitabını oxutdurmağı bacarasan. Bu mənada Mədəniyyət Nazirliyinin müvafiq qurumunun Binəqədi mks-in timsalında digər uğurlu fəaliyyət göstərən kitabxanaları qiymətləndirəcəyi, keçən yazılarımızda qeyd etdiyimiz səmərəsiz, büdcəyə yük olan kitabxanalar barədə müvafiq ölçü götürəcəyi şübhə doğurmur.
XXX
Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun əksər filiallarını da səmərəli fəaliyyət göstərən kitabxanalar sırasına aid etmək mümkündür. Yasamal mks-in də oxucu marağının artırılması, kitabxanaya üz tutanların sayının çoxluğuna nail olunması istiqamətində fəaliyyətini təqdirəlayiq hesab etmək olar. Sözügedən qurumun “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi icra olunduğu müddətdə kitabxana fondunun kifayət qədər zənginlışdirilməsinə, paralel olaraq oxucu kütləsinin artmasına nail olub.

Yaxud Bakı şəhər Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialında yazıçı-publisist Raziyə Kamilqızının “Vətənə yazılan ömür” və “Zəfər yazan ürəklər” kitablarının təqdimatının keçirilməsi də həm kitabxananın kitab fondunun zənginləşdirilməsi, həm də oxucu kütləsinin toplanması baxımından əhəmiyyətli tədbirlərdən hesab oluna bilər. Qeyd edək ki, tədbirdə şəhid ailələri, Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyinin rəhbərliyi, yazıçılar və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Bu kimi tədbirlər eyni zamanda kitabxanaların gənclərin vətənpərvərlik ruhunda böyüməsinə verdiyi töhfə kimi də dəyərləndirilə bilər.

Paytaxt kitabxanaları içərisində Səbail mks-in də fəaliyyətini uğurlu, səmərəli hesab etmək olar. Ancaq bu səmərəli fəaliyyəti heç də Səbail mks-in bütün filiallarına aid etmək mümkün deyil. Apardığımız təhlillər nəticəsində Səbail mks-in son bir neçə ay ərzində oxucu auditoriyasının artırılması, kitabxananın kitab bazasının genişləndirilməsi istiqamətində bir neçə uğurlu layihəyə imza atdığı, tədbirlər təşkil etdiyi məlum olub. Məsələn, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında şair-publisist Ülkər Hüseynlinin sayca üçüncü kitabı olan “Sevgi”nin təqdimatı keçirilib, yaxud Xalq şairi Qabilin 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil olunub.

Paralel olaraq Səbail mks-in bəzi filialları da səmərəli fəaliyyəti ilə seçilib. Məsələn, 3 saylı filial balaca fidanlarda kitaba marağı artırmaq üçün Xırdalandakı 25 nömrəli körpələr evi-uşaq bağçasında tədbir təşkil etdiyi halda, 1 nömrəli filial təkcə məktəbli və yeniyetmə deyil, həmçinin ahıl oxucuları da unutmur. Belə ki, Bakı şəhər Səbail rayon MKS-nin 1 №li kitabxana filialının əməkdaşı Beynəlxalq Ahıllar Günü münasibətilə yaşlı oxucular ziyarət edərək onlara kitab hədiyyə edib.

Təəssüflər olsun ki, Səbail mks-in digər filialları passivlikləri ilə yadda qalıb. Bəzi filiallar sanki qış yuxusuna gedib, yaxud dünyanın sonu yaxınlaşıb düşüncəsi ilə yaşayır, heç bir yaradıclıq fəaliyyəti ortaya qoymur, kitaba maraq aşılamır, oxucu kütləsinin artırılması məqsədilə hər hansı bir addım atmır. Səbail mks-in 4 nömrəli filialı kimi. Apardığımız təhlillər belə bir acı mənzərəni üzə çıxarıb ki, sözügedən filial ən son 1 iyun Uşaq Hüquqları Günü münasibətilə tədbir keçirib. O da cəmi 2 uşağın iştirakı ilə. Səbəb isə aydındır. Keçən yazımızda da qeyd etdiyimiz kimi kitabxana sisteminə təsadüfi adamların düşməsi, onların kitabxanaya, kitab fonduna alverçi təfəkkürü ilə yanaşması acı mənzərənin ortaya çıxmasına gətirib çıxarır. Əldə etdiyimiz məlumata görə, Səbail mks-in 4 nömrəli fiilialının rəhbərliyində təmsil olunan bəzi şəxslər yarıda bilmədiyi kitabxana işi ilə parallel olaraq maklerliklə məşğuldur. Ətrafına toplamış olduğu “biznesmenlər”lə ev, obyekt alqı-satqısı, pullu-paralı işlərlə məşğul olur. Bu səbəbdən onun kitabxanannın işləyib-işləməməsi, oxucu sayının artması və digər bu kimi məsələlər qətiyyən marağında deyil. Bu kimi səmərəsiz fəaliyyət, kitabxana işinə makler təfəkkürü ilə yanaşma bu sahəyə daha çox ziyan vurur və kitabxanaya, kitaba olan marağı azaldır. Ona görə də keçən dəfəki yazımızda qeyd etdiyimiz kimi Mədəniyyət Nazirliyi kitabxana işinə töhfə verən, bu sahəyə can yandıran, uzun illər təcrübəsi olan kitabxanaçıları işindən etmək əvəzinə, bu sahəyə təsadüfən düşərək kitabxanaya, onun oxucusuna makler təfəkkürü ilə yanaşan insanları bu sistemdən təmizləməlidir. Məhz o zaman kitab oxumağa da maraq artar, kitabxanaya üz tutanlar da çoxalar.
Süleyman İsmayılbəyli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью