Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"Fransada kütləvi etirazlar fonunda sosial-iqtisadi problemlər və siyasi narazılıqlar yenidən gündəmə gəlib. Etirazların miqyasının genişlənməsi ölkədəki siyasi vəziyyətin gələcək inkişafı, eləcə də Prezident Emmanuel Makronun hakimiyyətdə qalma perspektivi ilə bağlı müzakirələri gücləndirib".
Politoloq Turan Rzayev bunu Fransada kütləvi etirazlar və dərinləşən siyasi böhran fonunda Emmanuel Makronun prezidentlik müddəti başa çatmadan istefa verməsi ehtimalını Bakıvaxtı.az-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, Fransada baş verən hadisələr yalnız təhsil sahəsindəki islahatlarla bağlı narazılıqdan qaynaqlanmır. İlkin səbəblərdən biri bu olsa da, etirazların arxasında daha dərin sosial-iqtisadi problemlər dayanır.
Turan Rzayev: Aksiyaların davam etməsi Fransada siyasi vəziyyəti daha da mürəkkəbləşdirə bilər
Politoloq hesab edir ki, Emmanuel Makronun prezidentliyi dövründə Fransanın beynəlxalq nüfuzu zəifləyib. Xüsusilə Afrika ölkələrində Fransanın mövqelərinin itirilməsi və fransız qoşunlarının bir sıra ölkələrdən çıxarılması Parisin xarici siyasətdə üzləşdiyi çətinlikləri üzə çıxarıb.
T.Rzayevin fikrincə, Ukrayna müharibəsi fonunda yaranan iqtisadi çətinliklər də Fransada ictimai narazılığın artmasına təsir göstərib. Enerji qiymətlərinin yüksəlməsi, işsizlik problemi və iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı narahatlıqlar etirazların sosial bazasını genişləndirən amillər sırasındadır.
Politoloq vurğulayıb ki, aksiyaların davam etməsi və daha geniş əraziləri əhatə etməsi Fransada siyasi vəziyyəti daha da mürəkkəbləşdirə bilər:
"Etirazlar uzun müddət davam edərsə, ölkədəki siyasi gərginlik daha ciddi mərhələyə keçə, hətta Makronun prezidentlik müddəti başa çatmadan vəzifəsindən ayrılması məsələsi gündəmə gələ bilər".
Zeynəb Rzayeva