Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
ABŞ və Fransa Ukraynada mülki obyektlərə zərbələrə moratorium tətbiq edilməsinə nail olmağa çalışacaq.
KONKRET.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla görüşündən sonra bildirib.
“Ukraynanın enerji və mülki infrastrukturuna zərbələrə moratoriuma nail olmaq üçün səylərimizi birləşdirəcəyik. Mülki əhali qorunmalıdır. Rusiya ilə Ukrayna arasında sülhün şərtlərinə dair ciddi danışıqlara mümkün qədər tez başlamalıyıq”, – deyə Makron Nyu-Yorkda Trampla görüşündən sonra “X” sosial şəbəkəsində yazıb.
Jurnalistlər qarşısında çıxış edən Makron ABŞ və Fransanın Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə kömək göstərilməsinin zəruriliyi barədə razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, söhbət, xüsusilə, Kiyevə Rusiyanın hava hücumlarından müdafiə məqsədilə əlavə raket-interseptorların tədarükündən gedib.
Sentyabrın 22-dən 26-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası keçirilir. Sessiyada dünyanın təxminən 130 ölkəsinin liderinin iştirakı gözlənilir.
Məlumata görə, sentyabrın 21-i axşam Nyu-Yorkda Makronla Ukrayna Prezidenti Volodimir Zelenski arasında da görüş başlayıb. Sentyabrın 22-də Zelenskinin Donald Trampla görüş keçirəcəyi gözlənilir.
Bundan əvvəl Zelenski Nyu-Yorkda ABŞ qanunvericiləri ilə görüşüb və Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” adlandırdığı tədbirlərin qəbul edilməsinə görə onlara təşəkkür edib.
Zelenski ABŞ-a səfəri ərəfəsində İrlandiyada Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə də görüşüb. Retkliffin yaxın vaxtlarda Moskvada olduğu bildirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az