Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. Böyük Britaniya Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təşəbbüsü ələ alır.
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin dərhal Londona səfər etməsi və ən yüksək səviyyədə qəbul olunması bu qənaətə gəlməyə əsas verir.
Məhz Londonda uzun illərdən sonra Ukrayna ilə bağlı konkret qərarlar qəbul edilib, addımlar atılıb.
İngilislər ciddi fikir ayrılığında olan Avropa liderlərini bir araya toplayıb onları Ukraynaya gələcəkdə dəstək göstərilməsinə razı salmağa müvəffəq olub.
London sammitinin təşkilatçısı, Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, məqsəd müharibənin dayandırılması planını hazırlamaq idi.
Görüşdən sonra keçirilən mətbuat konfransında Baş nazirin səsləndirdiyi fikirlər maraqlıdır.
Bildirib ki, hərəkətlərin sürətli tempini saxlamaq və ümumi plan üzərində işləməyə davam etmək üçün tezliklə yenidən görüşəcəklər: “İndi əlavə söhbətlərin vaxtı deyil - ədalətli və davamlı sülhə nail olmaq üçün hərəkətə keçmək və yeni plan ətrafında birləşmək vaxtıdır”.
Ukrayna ilə bağlı təşəbbüsü tamamilə ələ alan Britaniya bu ölkəyə 1,6 milyard funt-sterlinqlik hərbi yardım paketini də açıqlayıb.