Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makronun populyarlıq reytinqi 15%-ə enərək tarixi minimuma düşüb.
Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi "Ipsos" sosioloji şirkəti və CESI mühəndislik məktəbinin birgə keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğu oktyabrın 7-dən 8-dək yaşı 18-dən yuxarı olan 1 000 Fransa vətəndaşı arasında keçirilib.
Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 15%-i Makronun prezident kimi fəaliyyətini bəyənir. Respondentlərin 82%-i isə dövlət başçısının yürütdüyü siyasətdən narazı olduğunu bildirib.
Sentyabr ayında Makronun populyarlıq reytinqi 16% təşkil edib. Bu göstərici "Ipsos"un keçirdiyi sorğular tarixində onun indiyədək qeydə alınmış ən aşağı reytinqi olub.
Araşdırma çərçivəsində Fransa vətəndaşlarının 2027-ci ildə keçiriləcək prezident seçkisinin potensial namizədlərinə münasibəti də öyrənilib.
Sorğuda "Milli Birlik" partiyasının rəhbəri Jordan Bardella barədə respondentlərin 33%-i müsbət fikir bildirib. Həmin partiyanın parlamentin aşağı palatasındakı fraksiya rəhbəri Marin Le Pen 32%, Fransanın keçmiş baş naziri Eduar Filipp isə 20% müsbət rəy toplayıb.