Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasında milli komandaların oyunlarına görə yaranmış fasilə bu gün başa çatacaq.
Futbolpress.az-ın məlumatına görə, ilk gündə iki qarşılaşma keçiriləcək. Açılış matçında “Araz-Naxçıvan” ilə “Kəpəz” Şamaxıda üz-üzə gələcək.
Ötən turdan sonra baş məşqçi Cavid Hüseynovla yollarını ayıran naxçıvanlılarda bu posta Yuri Maksimov təyinat alıb. Ukraynalı mütəxəssis daha əvvəl “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb və Azərbaycan futboluna yad sima deyil. Maksimov ölkə kubokunu da qazanmaqla bacarığını ortaya qoymuşdu.
Mütəxəssislə “Araz-Naxçıvan”ın rəhbəri Zaur Axundov “Keşlə”də də birlikdə çalışıb. Maksimov ondan tələbləri yaxşı bilir və hara gəldiyini anlayır.
Mütəxəssisin ilk sınağı “Kəpəz”ə qarşı olacaq. Heyətlərə baxanda, “Araz-Naxçıvan” daha keyfiyyətli təsir bağışlayır. Buna qədərki turlarda da pis oynamayan naxçıvanlılar üstün oynadıqları matçlarda da məğlub olub. Əsas problem sonluğun qoyula bilməməsindədir. Maksimovun komanda ilə çalışmaq üçün iki həftəyə yaxın vaxtı olub. Bu müddətdə “Neftçi” və “İmişli” ilə sınaq matçına çıxan kollektiv hər iki oyunu uduzub – 1:2, 1:3. Mütəxəssisin “Araz-Naxçıvan”da nəyi dəyişə bildiyini bugünkü görüş göstərəcək.
“Kəpəz” isə qeyri-stabil nəticələrlə diqqət çəkir. Gəncədə qələbə qazanan, səfərlərdə məğlubiyyətləri sıralayan “sarı-göylər” bu dəfə qonaq olduğu matçda üç xalı hədəfləyib. “Kəpəz” “Araz-Naxçıvan”da yeni “sükançı”nın olmasını və komandanın qələbəsizlikdən irəli gələn gərginliyini lehinə çevirə bilər.
Şamaxı şəhər stadionunda baş tutacaq görüşə saat 16:00-da start veriləcək.
Şahin Cəfərov