Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda son günlər mal ətinin qiymətində 1-2 manat artım qeydə alınıb. Hazırda sümüklü mal ətinin kiloqramı 19, sümüksüz ət isə 25 manata satılır. Qəssab və fermerlər bahalaşmanı yem və ot qiymətlərinin artması, həmçinin heyvan sayının azalması ilə əlaqələndirirlər. İqtisadçılar isə qiymət artımında qlobal bazardakı bahalaşmanın da rol oynadığını bildirirlər. Kənd Təsərrüfatı Nazirliyi isə məsələni araşdırdığını açıqlayıb.
Bəs bu artım süni şəkildə yaranıb, yoxsa səbəbi var?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, bu artımı yalnız süni bahalaşma kimi qiymətləndirmək düzgün olmaz:
"Son günlər Bakıda sümüklü mal ətinin 18 manatdan 19 manata, sümüksüz ətin isə 23 manatdan 25 manata yüksəldiyi barədə məlumatlar var. Eyni zamanda, bölgələrdə də mal-qara qiymətinin artması və fermerlərin yem, otlaq və saxlanma xərclərinin yüksəldiyini bildirməsi qiymət artımının real maya dəyəri amilləri ilə bağlı olduğunu göstərir. Burada əsas məsələ təklifin azalmasıdır. Heyvan saxlamaq xərci artdıqca fermer əvvəlki sayda mal saxlamaqdan imtina edirsə, bazara çıxarılan heyvanların sayı azalır. Tələb isə ciddi şəkildə dəyişmədiyi halda, təklifin azalması qiyməti yuxarı çəkir. Artıq sentyabrın əvvəlində də Bakıda mal ətinin qiymətinin yüksəlməsi heyvan çatışmazlığı ilə əlaqələndirilmişdi".
Onun sözlərinə görə, qlobal ət bazarındakı bahalaşma və idxalın maya dəyəri də əlavə təsir göstərə bilər:
"Lakin hazırkı 1-2 manatlıq artımı yalnız qlobal qiymətlərlə izah etmək də doğru olmaz. Yerli istehsalda yem və ot xərclərinin yüksəlməsi, mal-qaranın sayının azalması və fermerlərin istehsaldan çəkilməsi daha birbaşa amillərdir. Ona görə də ilkin mərhələdə burada süni qiymət artımından daha çox təklifin zəifləməsi və maya dəyərinin yüksəlməsi görünür. Bununla belə, eyni vaxtda müxtəlif satış məntəqələrində qiymətlərin nə dərəcədə əsaslı dəyişdiyini araşdırmaq vacibdir. Kənd Təsərrüfatı Nazirliyinin araşdırmasının nəticəsi bu artımda vasitəçi marjasının və ya digər bazar amillərinin payını müəyyənləşdirməyə imkan verə bilər".
NURİYYƏ