Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Formula-1" üzrə dünya çempionatının bu il Bəhreyndə keçirilməsi planlaşdırılan Qran-pri mərhələsi Malayziyaya köçürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Malayziya Qran-prisi oktyabrın 2-dən 4-dək "Sepanq" trasında təşkil olunacaq.
Xatırladaq ki, "Formula-1" rəhbərliyi mart ayında Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan Qran-pri yarışlarını təxirə salmışdı. Bəhreyn mərhələsinin aprelin 10-12-də, Səudiyyə Ərəbistanı mərhələsinin isə aprelin 17-19-da baş tutması planlaşdırılırdı.
Qeyd edək ki, Malayziya 1999–2017-ci illərdə "Formula-1" yarışlarına ev sahibliyi edib. "Sepanq" trasında ən çox qələbə qazanan pilot Almaniya təmsilçisi Sebastyan Fettel olub. Bu trasda keçirilən son yarışın qalibi isə Niderlandlı Maks Ferstappen olmuşdu.